XƏBƏR

Gözdə quruluq nədən yaranır?

date 25 İyun 2019

Gözdə quruluq nədən yaranır?

Gözlərdə yanma, qaşıntı, yapışqan maye ifrazatı, siqaret tüstüsünün təsirindən, küləkli havada narahatlıq yaranması göz quruluğunun başlıca xəbərçiləridir.

Bunu cərrah-oftalmoloq, uzman həkim Fariz Sadıqov bildirib. Onun sözlərinə görə, gözdə meydana gələn həddindən artıq sulanma da anormal bir vəziyyətdir:

Gözdə sürüşkənliyi təmin edən göz yaşı yoxdursa, göz narahat olur və xəbərdarlıq edir. Beləcə həddindən artıq gözyaşı ifrazatı meydana gəlir və gözün yuyulma sistemi bunun öhdəsindən gələ bilmədiyi üçün gözdən xaricə axır.

Gözlərdə quruluğun səbəbi nə ola bilər?

Yaşlanan adamda göz yaşı istehsalı azalır. Amma hər yaşda meydana gələ bilən quru göz, qadınlarda daha sıx görülür. Bu, xüsusilə menopauzadan sonra baş verir. Artridlər zamanı da quru göz, bununla yanaşı ağız quruluğu ola bilər. Quru göz, ağız quruluğu və artrit birlikdə "sjogren sindromu"nu meydana gətirir...

Bir çox dərmanlar da gözdə quruluğa səbəb olur. Bunlar əsasən sidik qovucu, ürək, təzyiq, qlaukoma, allergiya, yuxu, sinir dərmanları və ağrıkəsicilərdir. Bu dərmanlar çox istifadə edildiyi zaman gözlər süni göz yaşları ilə müalicə edilməlidir. Belə hallarda istifadə edilən bütün dərmanlar barədə həkimə məlumat verilməlidir.

Quru göz necə yoxlanılır?

Sadə bir göz müayinəsi ilə quru göz diaqnozu qoyula bilər. Bəzən gözyaşını ölçən testlər lazım ola bilər. Gözyaşı testində alt qapağın içinə filtr kağız parçaları qoyulur və dəyişik şərtlərdə gözyaşı istehsalı ölçülür. Digər bir test, gözə boyalı maddə tökülür, araşdırma aparılır.

Göz quruluğu necə müalicə edilir?

Quru göz müxtəlif üsullarla müalicə edilə bilər. Bunlardan biri göz yaşının əlavə olunmasıdır. Süni göz yaşları normal göz yaşına bənzəyir. Bunlar gözü sürüşkənləşdirir və nəmləndirir. Süni göz yaşlarının tərkibində olan qoruyuculara həssaslıq varsa, qoruyucusuz süni göz yaşları istifadə edilə bilər. Digər bir üsul, bandaj kontakt linza  istifadəsidir. Göz səthində xəstəni narahat edən pozğunluqlar meydana gələn zaman bu üsul seçilir. Lakin bu vəziyyətdə yenə gözyaşı damcılarının istifadəsinə davam edilir. Bir başqa üsul da göz yaşının qorunmasıdır. Gözün öz ifrazatının qorunması, gözləri nəmli saxlamağın bir başqa yoludur. Göz yaşı kiçik bir kanal vasitəsi ilə gözdən buruna axır. Bu kanalların ağzı müvəqqəti və ya qalıcı olaraq bağlana bilər. Bu üsulla göz yaşı qorunur, həm də süni gözyaşının təsir müddəti uzadılmış olur.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR