XƏBƏR

Hamiləlikdə daha çox inək südü içmək uşaqlarda allergiya riskini azaldır

date 21 Dekabr 2020

Hamiləlikdə daha çox inək südü içmək uşaqlarda allergiya riskini azaldır

Süd verən dövrdə daha çox inək südü qəbul edən anaların uşaqlarında qida allergiyası riski azala bilər.

e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, analar tərəfindən əmizdirmə zamanı qəbul olunan inək südü ilə uşaqlarda qida allergiyası riskinin aşağı olması arasında bir əlaqə aşkar edilib.

Bununla bağlı İsveçdəki Chalmers Texnologiya Universitetinin mütəxəssisləri tərəfindən araşdırma aparılıb. Tədqiqatçılar 500-dən çox isveçli qadının yemək vərdişlərini və bir yaşlı uşaqlarında qida allergiyasının yayılma səviyyəsini araşdırıblar.

Tədqiqat qrupunun rəhbəri Mia Stravik deyib ki, bir yaşlı sağlam uşaqların analarının süd verən müddətdə allergiyası olan eyni yaşlı uşaqların analarından daha çox inək südü qəbul etdiklərini öyrəniblər.

Qrupun digər üzvü, professor Ann-Sofie Sandberg isə bildirib ki, inək südündə immunitet sisteminin inkişafına təkan verən maddələrin olduğunu nəzərə alaraq süd qəbul edən qadınların uşaqlarında allergiya risikinin aşağı olmasını bununla izah etmək olar.

Tədqiqat zamanı anaların hamiləliyin 34-cü həftəsində, doğuşdan bir həftə və dörd ay sonra yemək vərdişləri barədə məlumat verdikləri və uşaqların bir yaşında ikən qida allergiyası, atopik ekzema və astma kimi xəstəliklər üçün mütəxəssis tərəfindən müayinə edildiyi qeyd edilib.

Tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Qeyd edək ki, inək südünün, tərkibində inək südü olan məhsulların uşaqlarda allergiyaya səbəb olduğu bildirilir. Uşaqlarda qida allergiyasının əsas səbəblərindən biri də inək südü (eləcə də keçi, qoyun südü) göstərilir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR