XƏBƏR

Günvurma zamanı ilk yardım necə olmalıdır?

date 9 İyul 2019

Günvurma zamanı ilk yardım necə olmalıdır?

Yayda havaların isti keçməsi ilə əlaqədar günvurma hallarına tez-tez rast gəlinir.

Bəs bu cür halla qarşılaşarkən ilk nələri etməliyik?

Lent.az mövzu ilə bağlı araşdırma aparıb. Həkimlər bildirir ki, günvurma insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Bu hala daha çox uşaqlarda, yeniyetmələrdə və qocalarda rast gəlinir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur.

Günvurmanın əlamətləri isə üzün qızarması, dəhşətli baş ağrısı və başgicəllənməsi ilə özünü göstərir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanma və bəzən qusma qeydə alınır. Bəzi hallarda isə burundan qanın axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə, huş itir, təngnəfəslik, nəbzin sürətlənməsi baş verir.

Əgər bu ilkin əlamətlər hiss olunarsa, gün vuran şəxsi kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq və yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Daha sonra həmin şəxsə soyuq su içirtmək, eləcə də soyuq su ilə üzünü və sinəsini silmək lazımdır. Həmçinin başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres qoyulmalıdır. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar.

Daha bir üsul, zərərçəkənin paltarını soyunduraraq, onu soyuq suda isladılmış parçaya bükmək, başına buz qoymaq lazımdır. Bundan sonra zərərçəkənin temperaturu normallaşanda onu quru parçaya və ya dəsmala bükmək yaxşı olar. Bütün bunlardan sonra xəstənin vəziyyəti ağırlaşsa, dərhal təcili tibbi yardıma müraciət edilməlidir.

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR