XƏBƏR

Görmə məhdudiyyəti olanlar bu əlifba ilə oxuyub-yazır - 4 Yanvar Ümumdünya Brayl Əlifbası Günüdür

date 4 Yanvar 2021

Görmə məhdudiyyəti olanlar bu əlifba ilə oxuyub-yazır - 4 Yanvar Ümumdünya Brayl Əlifbası Günüdür

Yanvarın 4-ü Ümumdünya Brayl Əlifbası Günü kimi qeyd olunur.

Brayl əlifbası görmə məhdudiyyəti olanlar və zəif görənlərin oxuyub-yazması üçün nəzərdə tutulub. Həmin əlifbanı ilk dəfə 1824-cü ildə Paris Milli İnstitutunun tələbəsi Lui Brayl yaradıb. Çəkməçi oğlu Lui 3 yaşında atasının ayaqqabı emalatxanasında olarkən gözünə biz batıb və iltihab nəticəsində görmə qabiliyyətini itirib. O, 15 yaşında nöqtə-relyef hərflərindən ibarət əlifba yaradıb.

Bundan əvvəl isə Fransada Valentin Qayuinin yaratdığı xüsusi əlifba var idi və o vaxtlar ondan hərbidə qaranlıq zamanı oxumaq üçün istifadə edilirdi. Lui Brayl həmin əlifbanı təkmilləşdirib hərflərə qabarıqlıq verməklə korların oxuya bilməsi üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb.

Brayl əlifbasında hərflər əvəzinə iki sütuna yerləşdirilmiş altı nöqtədən istifadə olunur. Həmin sistemdə səkkiz nöqtədən istifadə olunan qayda da mövcuddur.

Ənənəvi altınöqtəli Brayl əlifbasına 64 simvol daxil edilib. Səkkiz nöqtəli əlifbada isə 256 simvoldan istifadə olunur. Onu bir və ya hər iki əlin şəhadət barmağının köməyi ilə oxuyurlar. İşarələrdən istifadə etmək və yığcamlıq görmə qabiliyyətini itirən oxucuya mətni kifayət qədər tez oxumağa imkan verir.

Brayl əlifbası ilə dəqiqədə 150 söz oxumaq mümkündür və bu, normal görmə qabiliyyəti olanların oxunma tezliyinin təxminən yarısını təşkil edir.

Brayl əlifbası əsasında ilk kitab 1937-ci ildə nəşr edilmiş "Fransa tarixi" kitabıdır. 

Azərbaycanda 1981-ci ildən Gözdən Əlillər üçün Respublika Kitabxanası fəaliyyət göstərir. Kitabxananın fondunu Brayl kitabları, audiokassetlər, CD-lər və dövri mətbuat, 20 min nüsxə ədəbiyyat təşkil edir. Kitabxananın 1500 nəfər daimi oxucusu var. Gözdən Əlillər Cəmiyyətində yaradılmış mətbəədə Brayl şrifti ilə Azərbaycan dilində kitablar çap olunur.

Yanvarın 4-ü Ümumdünya Brayl Əlifbası Günü 2018-ci il dekabrın 17-də BMT Baş Məclisinin qətnaməsi ilə təsis edilib.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR