XƏBƏR

Evdəki "apteçka"da nələr olmalıdır və dərman qutusu necə yığılmalıdır?

date 25 Noyabr 2020

Evdəki "apteçka"da nələr olmalıdır və dərman qutusu necə yığılmalıdır?

Hər bir ailədə dərman qutusu var. Dərman qutusu diqqətlə yığılmalı və vaxtaşırı yenilənməlidir. Dərman qutusunda hər şeydən əvvəl evdə təcili tibbi yardım üçün zərurri vasitələrin olması vacib sayılır. Eləcə də həkimlərin təyin etdiyi dərmanlar da dərman qutusunda saxlanmalı, onlara mütəmadi olaraq nəzarət edilməlidır. Dərman qutusunun işıq, Günəş şüası düşməyən, quru mühitdə, uşaqların əli çatmayan yerdə saxlanması da vacib şərtdir. 

Evdəki dərman qutusunda hansı dərmanların olması lazımlıdır? Dərmanları necə saxlanmalıdır?

e-tibb.az Mərkəzi Gömrük Hospitalı mütəxəssislərinin evdəki dərman çantası haqqında tövsiyələrini təqdim edir:

Evdə saxladığınız dərmanların hamısı bir qutuda cəmləşməlidir. Hər şeydən əvvəl, dərman qutusuna yığılan dərmanların hamısının saxlama müddətinə baxmaq lazımdır, müddəti keçmiş dərmanları mütləq qutudan çıxarıb atmaq vacibdir. Sonra növbə nə vaxtsa xəstələndiyiniz və müalicə aldığınız dərmanlarındır. Axı siz onlardan daha istifadə etmirsiniz. Onları da saxlamağın mənası yoxdur.

Dərman qutusunda yerə qənaət etmək üçün lazımsız kiçik qutular və təlimatları da ata bilərsiniz. Onları lazım gəldikdə İnternetdən çox asanlıqla tapa bilərsiniz. İndi gəlin görək, dərmanları qutuya necə yığaq ki, lazım olan an əlimizin altında olsun və bizi çaşdırmasın.

Dərman qutusunda dərmanları 2 kateqoriya üzrə yığmaq lazımdır: növünə görə: həbləri ayrıca, suspenziyaları ayrıca, məlhəmləri ayrıca və s. Funksiyasına görə: ağrıkəsicilər ayrıca, öskürəkdən ötrü ayrıca, ürək-damar xəstəlikləri üçün ayrıca və s. Daha rahat ikinci kateqoriyadır. Bu kateqoriya üzrə dərmanları yığarkən əvvəl ağrıkəsiciləri, temperatur salanları və iltihabı aradan qaldıran preparatları düzün. Bunlarla yanaşı respirator xəstəliklərə qarşı olan dərmanları da düzmək olar.

Sonra ürək-damar xəstəlikləri zamanı istifadə olunan dərmanları yığın. Bunlar hamımızın tanış olduğu Korvalol, Valerian, Nitroqliserin və Validoldur. İlk yardım kimi bu preparatlar əvəzolunmazdır. Bunlara mütləq naşatır spirti də əlavə edin. Təzyiq üçün dərmanlar da bu qutuda yer almalıdır. Yaxşı olar ki, dərman qutusunda mədə-bağırsaq pozuntuları zamanı istifadə olunan dərmanlar da olsun. Kəskin qarın və mədə ağrıları hər kəsi qəfil tuta bilər. Ona görə də, bu dərmanların əl altında olması vacibdir.

Dərman qutusunda vacib materiallara isə tənzifdən olan sarğı materialları, yod məhlulu, spirt, steril bintlər, pambıq, termometr, tonometr, şpris, əlcəklər və pipetkalar aiddir. Mazlar, şamlar, dəmləmələr soyuducuda ayrıca plastmas qutuda saxlanılmalıdır.

Dərman qutusundakı bütün dərmanlar vaxtaşırı yoxlanılmalı, istifadə müddəti keçmiş preparatlar qutudan xaric edilməlidir.

Dərman qutusu uşaqlardan uzaq olmalı, adətən qaranlıq, quru, temperaturu25°-dən aşağı olmayan rahat bir yerdə saxlanılmalıdır. Bu yer mətbəx, iş otağı, yataq otağı, eyvan və s. ola bilər. Lakin hamam otağında bu qutuya yer yoxdur, belə ki, buradakı rütubət dərmanların sıradan çıxmasına səbəb ola bilər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR