BLOQ

"Şəkər bombası": Energetik içkilər yorğunluğu aradan qaldırırmı?

date 21 Avqust 2019

"Şəkər bombası": Energetik içkilər yorğunluğu aradan qaldırırmı?

Həkim gözü iti olar. Kimsə canına qəsd edərsə, sağlamlığını qorumazsa, ən azı bununla bağlı bir fikir bildirməkdən çəkinməz. Qarşına bir problemli şəxs çıxanda, onun xəstəliyini qeyri-sağlam simasından “oxuyanda”, bir narahatlıq keçirər… Axşam çağı növbəti günün ərzaq ehtiyatını təmin etmək üçün yaxındakı marketə baş çəkdim. Kassada növbə gözləyərkən 15 yaşında gənc oğlana diqqət yetirdim. Bir anlıq onun köklükdən, hər hansı bir mübadilə xəstəliyindən əziyyət çəkdiyini düşündüm, açığı, bir qədər üzüldüm də. Əlində 2 ədəd məşhur energetik içki tutmuşdu. Marağım məni üstələdi və gənci əlindəki içki barəsində sorğu-sual etdim. Ürəkaçan cavab ala bilmədim. Gənc bütün gün çəkdiyi şagird “əziyyətinin” yorğunluğunu bu içki ilə “sıfırlayacağını” düşünürmüş.

Müxtəlif kombinasiyalı, taurin əsaslı energetik içkilər hazırda olduqca geniş yayılıb. Hətta alkoqolla olanı belə var. Energetik içkilərin tərkibi şəkərlə, yəni karbohidratlarla çox zəngindir və enerji əsasən bunların hesabına meydana gəlir. Bu karbohidratlar tez zamanda parçalanır və qısa müddətə ağız boşluğundan qana sovrulur, xüsusilə qazlı içkinin qəbulu zamanı “şəkər bombası” rolunu oynayır. Nəticədə orqanizm bir neçə sutkalıq karbohidrat həcmini bir iki saata almış olur. Sözsüz, bu orqanizmin mübadilə sistemi və xüsusilə mədəaltı vəzi üçün təsirsiz ötüşə bilməz. Zamanla orqanizmə daxil olan bu karbohidratlar qlikogen şəklində depolaşmağa başlayır və şəkərli diabet kimi tanıdığımız xəstəlik üçün zəmin yaradır.

Digər aktiv maddələr – kofein, taurin və alkoqol mərkəzi sinir sisteminin ətraf mühit qıcıqlarına qarşı dirəncini yüksəldir, nəticədə orqanizm yorulma hissi həddini itirir. Bu durum imtahana hazırlaşan tələbə, idman zalında məşq edən gənc xanım və ya ağır fiziki iş görəcək şəxs üçün xoş səslənsə də, bilməliyik ki, bədənin resursları sonsuz deyil, bu tip istismar mübadilənin axsamağı, ürək döyüntülərinin tezləşməsi, yuxu pozulmaları, affekt, depressiya halları ilə müşahidə oluna bilər.

Bəhs edilən içkilərin uşaq və inkişafda olan orqanizmə mənfi təsiri danılmazdır. Bu gün hər yerdə satılan, xüsusilə gənc nəslin qəbul etdiyi energetik içkilər bir neçə il sonra Azərbaycanın xroniki xəstə “ordusunu” artıracaq. Cəmiyyətin sağlam gələcəyi bugünkü həyat tərzindən çox asılıdır.

Yorğunluğu yox etmək, tez zamanda enerji qazanmaq istəyini energetik içkilər vasitəsi ilə reallaşdıran hər bir gənc bir məsələni dəqiq bilməlidir: 4-5 saat keçəcək, yorğunluq daha da güclü formada geri dönəcək, enerji isə tükənəcək. Depressiya, narahatlıq, əsəbiliklə müşayiət olunan bir vəziyyət yaranacaq. Yorğunluğu dəf etməyin ən qısa yolu şirin yuxu, enerji çatızmaqlığını isə qabaqlamağın çarəsi normal qidalanma və aktiv həyat tərzidir.

 

Elnur Əkbərov - Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman həkim

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR