XƏBƏR

Duzdan istifadəni azaltmaqla bu risklərin qarşını almaq olar

date 19 Dekabr 2019

Duzdan istifadəni azaltmaqla bu risklərin qarşını almaq olar

Dünyada qeyri-infeksion xəstəliklər ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır. 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir.

e-tibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu gün Bakıda keçirilən ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışında açıqlayıb.

Onun sözlərinə görə, bu ölümlərin qarşısı alına bilər: “Əsas olan bir yerdə işləməyimizdir. Qeyri-infeksion xəstəliklər deyərkən ilk iki sırada ürək infarktları və insult durur. Onların ortaya çıxmasına səbəb daha çox duz qəbulu, hərəkətsizlik, piylənmə və tütündən istifadədir. Hamımız bilirik ki, risklərin qarşısını ala bilsək, 30-70 yaş arası baş verən ölümləri azalda bilərik".

ÜST nümayəndəsi deyib ki, problemlərlə mübarizə təkcə Səhiyyə Nazirliyinin edə biləcəyi iş deyil: “Lazım gələrsə, ölkədə duz istifadəsinin azaldılması üçün müxtəlif qurumlar bir araya gəlməlidir''.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev isə deyib ki, qeyri-infeksion xəstəliklər tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır'.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda keçirilən qeyri-infeksion xəstəliklərin öyrənilməsi: STEPS sorğusunun nəticələri insanların sağlam həyat tərzi vərdişlərinə yiyələnməsinin vacib olduğunu göstərib: ''Sorğunun nəticələrini təhlil edəndə görürük ki, əgər 2011-ci ildə iştirakçıların yalnız 15 faizi gündə 400 qram meyvə və tərəvəz qəbul etdiyini bildiribsə, 2017-ci ildə bu rəqəm artıq 25 faizdir. Deməli, maarifləndirmə və sağlam həyat tərzi istiqamətində aparılan təbliğat insanların adət etdiyi vərdişləri dəyişməsinə təkan verir”.

Direktor bildirib ki, ÜST-ə üzv ölkələr qərara alıb ki, duz qəbulunun 30 faiz azaldılması ilə 2025-ci ilə qədər böyüklər, yeniyetmələr və uşaqlarda diabet və piylənmə artımına son qoymağa nail olunacaq: "Duzun gündə 5 qramdan az qəbul olunması hipertoniya, ürək qan-damar xəstəliklərinin və insultun qarşısını alır. Sorğuya əsasən, yeməyin dadına baxmamış və ya yeyərkən duz tökənlər 25,7 faiz, həmişə və ya bəzən yüksək duzlu məhsullardan istifadə edənlər isə 26,6 faiz təşkil edir".

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR