XƏBƏR

Davamlı oynaq ağrısı, oynaqlarda şişkinlik, əzginlik nəyin əlamətidir?

date 12 Oktyabr 2020

Davamlı oynaq ağrısı, oynaqlarda şişkinlik, əzginlik nəyin əlamətidir?

12 Oktyabr - Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Günüdür. 

e-tibb.az xəbər verir ki, 1996-cı ildən aprelin 12-si Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Ümumdünya Artritlə Mübarizə Günü qeyd edilir.

Məlumatlara görə, dünyada milyonlarla insan artritdən-iltihablı oynaq ağrılarından əziyyət çəkir. Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Günü bu insanların üzləşdiyi sağlamlıq vəziyyəti, çəkdikləri əziyyət barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə təsis olunub, bu vəziyyətdən əziyyət çəkənlərə kömək əli uzatmağı, onlara vaxt ayırmağı, yardım göstərməyi təşviq edir.

Artrit bir və ya bir neçə oynağın ciddi iltihabi xəstəliyi sayılır, onun müalicə edilməməsi nəinki ağrı və hərəkətin məhdudlaşmasına, həm də əlillik və iş qabiliyyətinin itirilməsinə səbəb olur. Oynaqların tez-tez təkrarlanan ağır və yüngül travmaları, fiziki gərginlik və ya genetik irsiyyət xəstəliyin yaranma səbəbləri sırasına aid edilir. Bundan başqa artritin inkişafı virus və bakterial infeksiyaları, həddindən artıq soyuqlama, fiziki və psixi yüklənmə, hətta siqaretə aludəçilik də xəstəliyə səbəb ola bilər. Lakin xəstəliyin yaranma səbəbləri və inkişaf mexanizmləri indiyə qədər dəqiq öyrənilməyib.

Son onillikdə dünyada sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinin artma tendensiyası müşahidə edilir. Sümük-əzələ xəstəlikləri geniş yayılmağına görə, qan dövranı və tənəffüs sistemi xəstəliklərindən sonra üçüncü yerdə durur.

Bu xəstəlikdən yaxa qurtarmaq üçün sağlam həyat tərzinə əməl etmək, fiziki hərəkətlər etmək, düzgün qidalanmaq tövsiyə olunur. Müntəzəm fiziki hərəkətlər əzələləri möhkəmlənməsinə və qamətin yaxşılaşmasına kömək edir. Bildirilir ki, artrit xəstələrinin qidasında turşuluq dərəcəsi aşağı olmalıdır, qidalanmada daha çox meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Alma, gavalı, turşəng, qaragilə, çaytikanı, qara qarağat, həmçinin D vitamini ilə zəngin qidalar rasionda çoxluq təşkil etməlidir.

Artritin əsas əlamətləri kimi oynaq ağrısı, oynaqlarda şişkinlik, səhər əzginliyi, oynaqlarda sərtlik, oynaqların zədələnməsi, xüsusilə əl biləyi oynaqlarının və barmaqların yuxarı falanqalarının zədələnməsi hesab olunur.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR