XƏBƏR

Bütün ürək-damar xəstələri oruc tuta bilərmi?

date 7 May 2020

Bütün ürək-damar xəstələri oruc tuta bilərmi?

Ürək- damar xəstəliklərinin artdığı bir dönəmdə oruc tutmaq istəyən insanlar üçün

Bəzi araşdırmalara görə, düzgün şəkildə oruc tutan insanların qan analizlərində HDL dediyimiz bədən üçün xeyirli olan, damarlarda xolesterol yığıntısı - düyünlərin əmələ gəlməsini önləyən, beləcə bizi ürək-damar xəstəliklərinə qarşı qoruyan xüsusi xolesterol növü artır. Eyni zamanda LDL dediyimiz arteriyalarda yağ düyünlərinin yaranmasına və tıxanmalara səbəb olan xolesterol növü azalır.

e-tibb.az xəbər verir ki, bunu kardioloq, uzman həkim Ülvin Həbibova açıqlayıb. 

Onun sözlərinə görə, bu səbəblərdən oruc tutmağı ürəyimiz üçün yararlı hesab edə bilərik. Bəs bütün ürək-damar xəstələri oruc tuta bilərmi?

Həkim qeyd edib ki, uzun müddət əvvəl miokard infarktı keçirmiş, aktiv ürək problemi, sinədə ağrıları olmayan xəstələrin əlavə xəstəlikləri yoxdursa oruc tutmalarında hər hansı bir qorxu yoxdur. Lakin bütün ürək xəstələri mütləq oruc tutmazdan əvvəl həkim kontrolundan keçməli və bu müddətdə nəzarətdə olmalıdır.

Hansı ürək-damar xəstələrinə oruc tutmaq olmaz?

Mütəxəssis vurğulayıb ki, yaxın zamanda (1 il ərzində) ürək infarktı keçirmiş, ürək ağrıları davam edən, kontrol altına alınmamış yüksək qan təzyiqi problemi, ürək çatışmazlığı olan və bu səbəbdən sidikqovucu dərman istifadə etmək məcburiyyətində qalan, ürək qapağı protezi və ya digər səbəbdən güclü qandurulducu dərman istifadə edən kəslərin oruc tutmaları məsləhət deyil.

Ən vacib məqamlardan biri də qidakanma ilə bağlıdır. Ürək-damar xəstələri iftarda və sahurda nələri yeməlidir?

Həkimin sözlərinə görə, iftarda qısa müddətdə həddindən artıq yeməklə bağlı iftarla sahur arasında toxluq müddətində ürək problemləri artmaqdadır. Həddindən artıq su və duz yüklənməsi, sürətli və bol yeməyin həzmi qan dövranı və ürəyi həddindən artıq işləməyə məcbur edərək miokard infarktına və ürək çatışmazlığına yol aça bilər. Ü. Həbibova vurğulayıb ki, əslində ürək xəstələrinə məsləhət görülən diet oruc zamanı da keçərlidir. Həddindən artıq yağlı və kalorili yeməklərdən, şirniyyatlardan qaçılsa, həm Ramazanda, həm bu aydan sonra ürək, şəkər xəstəliklərindən, hətta xərçəngdən belə özümüzü qorumuş olarıq.

Kardioloq bildirib ki, həzmi çətin olan paxlalıların miqdarı azaldılmalı, mədənin turşu sekresiyasını artıran ədviyyatların istifadəsi kəsilməlidir. “Sahurda çox yemək uzun müddət tox tutar”, fikri isə səhvdir. Çünki nə qədər çox və nə qədər sürətlə qan şəkərini yüksəldən qidalar yeyilsə, o qədər tez acma hissi yaranar. Su və mineral ehtiyacını qarşılayacaq qidalarla yanaşı yumurta, süd və süd məhsulları, lifli tərəvəz yeməkləri qan şəkərini yavaş yüksəldərək aclığı ləngidər.

Həkim, həmçinin qeyd edib ki, orucluq müddətində siqaret istifadəsinin azaldılması da arzuedilən haldır.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR