XƏBƏR

Bu simptomlar boyun yırtığından XƏBƏR VERİR

date 3 Yanvar 2021

Bu simptomlar boyun yırtığından XƏBƏR VERİR

Bu gün həyat tərzimizdə baş verən dəyişikliklər səbəbindən onurğa fəqərələri arasında disklərdə yırtığa rast gəlmə tezliyi gündən-günə artır. Bel yırtıqları kimi boyun yırtıqları da son dövrlərdə geniş yayılıb. Bu, ən çox telefon və planşet kimi texnoloji cihazlardan istifadənin artması, yanlış duruş və hərəkətsizlik kimi səbəblərlə izah olunur. Pandemiya dövründə evdə olma müddətinin artması, onunla yanaşı planşet, kompüter, telefon istifadəsinin və hərəkətsizliyin artması boyun yırtıqlarında da artım yaradır.

e-tibb.az xəbər verir ki,Türkiyədən olan həkim, neyrocərrah, professor Halil İbrahim Seçer beldə olduğu kimi boynunda da yırtıq yarandığına diqqət çəkib. O, boyun disk yırtığının həyatı çətinləşdirən amil olduğunu vurğulayıb.

Onun sözlərinə görə, boyun yırtığı boyun fəqərələri arasındakı qığırdağın onurğa kanalına doğru yerdəyişməsi və çıxması nəticəsində onurğa beynindən çıxaraq qollara gələn sinirlərə və onurğa beyninə təzyiq göstərən xəstəlikdir. Fəqərələri bir-birtindən ayıran disklərin ortasında gel kimi bir maddə və onu çevrələyən bir yastıq olduğunu söyləyən həkim bildirib ki, bu yastıqlar yaşlanma və travmaya məruz qalma kimi səbəblərdən yeyilməyə başlayır. Xarici təbəqə tədricən incəlir və qəfil bir tərs hərəkətdən sonra yırtılır. İçəridəki gelə bənzər maddə bu yırtıqlardan bayıra doğru axaraq, onurğa beynindən çıxıb qolumuza gedən, həmin bölgəyə hərəkətlilik verən, hissiyat yaradan sinirləri sıxır. Beləliklə, boyun, qol ağrısı, uyuşma, qarışqa gəzir kimi hissiyyat və bəzən qolda zəiflik hiss edirik.

Mütəxəssis bildirib ki, boyun yırtığının dəqiq bir səbəbi olmasa da, yol qəzaları, travmalar, həddindən artıq manevrlər etmək, yaşlanmaya bağlı degenerativ dəyişikliklər, uzun müddət kompüter, planşet, telefon istifadəsi, yanlış duruş kimi hallar boyun yırtığına səbəb ola bilər.

Halil İbrahim Seçer, boyun yırtıqlarının boyun, çiyin əzələləri, qollara təsir edən ağrı, fibromialgiya və donmuş çiyin kimi xəstəliklərlə qarışdırıldığını söyləyib. O, gündəlik həyatda yaşanan gərginliklər, boyunun yanlış döndərilməsi, yanlış mövqe seçmək, psixoloji gərginlik, boyun əzələlərindəki zəiflik, soyuğa məruz qalma, yorğunluq, ev işləri, tikiş, təmizlik, pərdə asma, silmək kimi hərəkətlərin ağrıları artırdığını söyləyib. Bu qeyd olunan səbəblərdən qadınlarda boyun ağrısı sıxlığı yüksəkdir.

Professor qeyd edib ki, xüsusilə stres boyun əzələlərinin spazmasına səbəb olur, boyunda ağrı, gərginlik zamanı baş ağrısı da meydana gəlir: "Stress boyun ağrısını artıran və xroniki edən ən vacib səbəbdir. İqtisadi, sosial və psixoloji problemlərimiz boyun ağrısını artırır".

Həkim bildirib ki, boyunda davamlı gərginlik və ağrılı nöqtələrin olması mümkündür. Onun sözlərinə görə, bu kimi hallarda ağrıyan bölgəyə rahatlama hərəkətləri, fizioterapevtik müalicələr tətbiq olunur və antidepresant dərmanlar təyin edilir. O, həmçinin vurğulayıb ki, gülmək, müntəzəm iş, sosial axtarışlar və həyata bağlılıq boyun ağrısına qarşı ən vacib silahdır.

Professor boyuna, çiyinə və qollara yayılan birtərəfli və ya ikitərəfli ağrının boyun yırtığının ən qabarıq simptomu olduğunu vurğulayıb: "Boyun əzələləri başın arxasına yapışıqdır. Bunlardan həddindən artıq istifadə - gərgin duruş, ağır iş şəraiti, stres  şiddətli boyun və baş ağrılarına səbəb ola bilər. Yəni baş ağrısı da boyundan qaynaqlana bilər.

Ağrı bəzən iki çiyin sümüyünün arasına və kürəyə yayılır. Bununla yanaşı, baş ağrısı da ola bilər. Ağrı qolu aşağı saldıqda artır və başdan yuxarı qaldırıldıqda nisbətən azalır".

Boyun yırtığının əlamətləri barədə danışan mütəəssis qollarda, əllərdə uyuşma, həddindən artıq həssaslıq, əzələ gücündə azalma (tez-tez əldən əşyanın düşməsi, əşyanı əldə saxlamaqda çətinlik çəkmək), əzələ spazması, boyun hərəkətlərindəki məhdudiyyətləri də misal göstərib. Yırtıq inkişaf etmiş mərhələlərdə isə onurğa beyninə təsir edərsə, qollarda ayaqlarda zəiflik, yerişin pozulması, sidik qaçırma, sidiyə çıxa bilməmək kimi şikayətlər də yarana bilər. Nadir hallarda da olsa başgicəllənmə, qulaqda cingilti, gözlərdə qara nöqtələr, ürək bulanması və konsentrasiyanın pozulması kimi şikayətlər ortaya çıxır.

Həkim qeyd edib ki, bu xəstəliyin diaqnozunu qoymaq üçün ilk növbədə xəstənin şikayətləri diqqətlə qiymətləndirilməlidir. Sonra rentgenoqrafiya aparıla, disk məsafələrinin daralması, servikal oxun vəziyyəti və degenerativ dəyişikliklər yoxlana bilər. Bir qüsur aşkarlanarsa, dəqiq diaqnoz Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsi ilə qoyulmalıdır. 

Müalicəyə gəlincə, professor deyib ki, ənənəvi müalicələrin təsirsizliyi cərrahi müdaxiləni gündəmə gətirir. Onun sözlərinə görə, yırtıq müalicəsi xəstənin nevroloji vəziyyətinə görə təyin olunmalıdır. Radioloji müayinədə boyun yırtığı aşkar olunsa da, şikayət olmadığı təqdirdə əməliyyat tələb olunmur. Lakin nə qədər tez diaqnoz qoyulsa və cərrahiyyə əməliyyatı aparılsa, baş vermiş nevroloji pozğunluğun tez və uğurlu şəkildə bərpası mümkündür. Cərrahi müdaxilə edilməyən xəstələrdə isə konservativ müalicə metodlarından istifadə olunur, xəstəyə düzgün duruş hərəkətləri və idmanla bağlı tövsiyələr verilir. Dərman müalicəsi, manual terapiya, fizioterapevtik müalicəşlər, dartma, inyeksiya (alqoloji terapiya) və gücləndirici məşqlər ənənəvi terapiyanın ən vacib metodlarıdır. 

Ənənəvi müalicələrin təsirsiz qalarsa, bu halda cərrahi müdaxilə tətbiq olunmalıdır. Əməliyyatın boyunun ön və ya arxa hissələrində edilə biləcəyini açıqlayan mütəxəssis onu da bildirib ki, arxadan edilən əməliyyatlardan sonra təkrarlanma riski azdır. Əməliyyatdan 3-4 saat sonra xəstə gəzməyə başlayır və ehtiyaclarını görə bilir. Təxminən 7-10 gün istirahət etdikdən sonra işə qayıdır.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR