XƏBƏR

Biyan kökü koronavirusu öldürür? - Araşdırma

date 21 Dekabr 2020

Biyan kökü koronavirusu öldürür? - Araşdırma

Biyan kökünün çoxsaylı faydalarının olduğu məlumdur. Onun daha bir faydasının olduğu bildirilir. Aparılan tədqiqatlara əsasən, biyan kökü həm də koronavirusu məhv edən təbii vasitə hesab olunur. 

e-tibb.az xarici mətbuata istinadən xəbər verir ki, Essen (Almaniya) Universitet klinikasının alimləri biyan kökündə olan glisirizik turşusunun koronavirusu öldürə biləcəyini açıqlayıblar. Bununla bağlı aparılan tədqiqatın nəticələri “bioRxiv" elektron kitabxanasında dərc olunub.
Elmi qrup laboratoriya tədqiqatları üçün, 8 mq/ml konsentrasiyada biyan kökündən ekstrakt hazırlayıb. Bundan sonra, alimlər müxtəlif dozalarda (0.002-4 mg / ml)  ekstraktı koronavirusun 50 faizlik yoluxucu dozasına əlavə ediblər və 37 dərəcə  temperaturda bir saat inkubasiya dövrü  təşkil olunub. Eyni şeyi xüsusi Vero E6 hüceyrələrində təkrarlayıblar.
Biyan kökünün sulu ekstraktı bu bitkinin  çayından daha az - 0,5-1 mq/ml konsentrasiyada neytrallaşdırıcı təsir göstərib. Tədqiqat müəllifləri içkinin koronavirus müalicəsində təsirli ola biləcəyinə inandıqlarını bildiriblər.
Əvvəllər antioksidant və  iltihab əleyhinə xüsusiyyətlərə malik olan glisirizik turşusunun antiviral xüsusiyyətləri, herpes və bəzi digər viruslar nümunəsində sübut edilib.
Tədqiqat müəlliflərinin qeyd etdiyi kimi, biyan kökü və qlisirizinin koronavirusa terapevtik təsirini təsdiqləmək üçün bunu daha ətraflı öyrənmək lazımdır. Bu maddənin təhlükəsiz olduğu və sağlamlığa müsbət təsir etdiyi artıq məlumdur.

Qeyd edək ki, biyan kökünün koronavirusa təsiri barədə indiyə qədər də məlumatlar yayılıb. Xüsusilə Çində koronavirusa qarşı ənənəvi xalq təbabəti üsullarının tətbiqi zamanı biyan kökündən də istifadə edildiyi bildirilir. Məlumatlara görə, bir sıra bitkilər, o cümlədən biyan kökündən hazırlanan qaırışıqlar Covid xəstələrinə müsbət təsir edir, sağalmanı sürətləndirir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR