XƏBƏR

Bel ağrıları nədən yaranır?

date 27 Mart 2019

Bel ağrıları nədən yaranır?

Son illər bel ağrılarından şikayət edənlər yetərində çoxdur. Bel ağrıları bir çox səbəblərdən yaranır və səbəblərə görə də müalicə olunur. Həmin səbəblər hansılardır? Bel ağrıları zamanı nə etmək lazımdır?

E-tibb.az nevroloq, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının dosenti Təmraz Nəbiyevin bununla bağlı məqaləsini nəzəriniz çatdırır.

Onurğanın boyun, döş və bel nahiyəsindəki ağrılara həyat dövründə insanların əksəriyyəti məruz qalır. Əksər hallarda bu ağrılar onurğanın əzələ-oynaq-bağ aparatının funksiyasının pozulması ilə şərtlənir.

Son zamanlar müasir ədəbiyyatda bu vəziyyət “beldə qeyri-spesifik ağrı” termini ilə də ifadə olunur. “Beldə qeyri-spesifik ağrı” müasir anlayış olub əvvəllər istifadə olunan dorsalqiya diaqnozunu əvəz edir, o da geniş istifadə olunan osteoxondroz terminindən sonra yaranmışdır.

“Qeyri-spesifik əzələ oynaq ağrısı” termini əvəzinə daha sonralar ədəbiyyatda “destruktiv disfunksional əzələ skelet ağrıları” terminindən də istifadə olunur.

Dorsalgiya onurğa nahiyəsində yerləşən hər hansı bir ağrıya deyilir və bədənin arxa hissəsində destruktiv disfunksional əzələ skelet ağrıları ilə təzahür edən sərbəst nozoloji xəstəlik vahidi kimi qiymətləndirilir.

Dorsopatiya yeni ortopedik xəstəlik olaraq bədənin arxa hissəsində (latınca dorsum –arxa deməkdir) anatomik-topoqrafik olaraq bolünməz hissələrin xəstəliyidir. Bu hissələrə aid edilir: ayrı-ayrı şöbələri ilə onurğa sütunu (boyun, döş, bel, oma və büzdüm) və onlara birləşən əzələlər; kürək və qabırğalar iki tərəfli kürəküstü və kürəkaltı əzələlərlə; cüt oma-qalça oynaqları onlara birləşən əzələlərlə, bel əzələləri, sümüklər və birləşmələri ilə insanın dayaq-hərəkət aparatına daxil olur və bədən arxasının mühüm funksional elementi olur.

Ən çox dorsalgiyaya bel-oma səviyyəsində rast gəlinir. Bel ağrıları və ya lyumbalgiya çox yayılmış skelet - əzələ - sinir xəstəliyi olub əmək qabiliyyətini itirmənin əsas səbəblərindən biri sayılır.

Kəskin, yarım kəskin, xroniki bel ağrıları ayırd edilir. 3 aydan artıq davam edən ağrılar xroniki ağrılardır.

Çox hallarda beldə xroniki və epizodik ağrının səbəbi belə həddən artıq yüklənmənin təsir etməsi olur. Xroniki ağrılar həmçinin oynaqların iltihabi xəstəlikləri, əzələ, birləşdirici və sümük toxumalarının müxtəlif dəyişiklikləri ilə əlaqəli olur. Kompression sınıqlar, fəqərəarası disklərin qabarması və yırtığı, fəqərə yerdəyişmələri, sürüşmələri və s. bel ağrılarının səbəbləri arasında yer tutur.

Bel ağrılarının əmələ gəlməsinə “populyar” olaraq çox vaxt onurğa sütunundakı degenerativ xəstəliklərin, fəqərəarası disk yırtıqlarının səbəb sayılmasına baxmayaraq kompüterin nəticələri ilə klinik əlamətlər arasında dəqiq əlaqənin olmadığı araşdırmalar nəticəsində müəyyənləşdirilib.

Bel ağrıları özündə anatomik, biomexaniki və psixososial aspektləri birləşdirdiyinə görə onun müalicəsində çətinliklər və bir sıra hallarda effektin natamamlığı müşahidə edilir.

Beldə olan ağrıların müalicəsində müxtəlif ağrıkəsici preparatların effektivliyinin qiymətləndirilməsi barədə tədqiqatlar onların istifadəsinin az səmərəliliyini təsdiqləyir.

Qeyri-steroid iltihab əleyhinə preparatlardan həddən artıq istifadə etmək ziyanlıdır. Fəsadlardan yayınmaq üçün yalnız onların daha effektivlilərindən birisini qısa kurslarla əvvəlcədən orqanizmin fərdi xüsusiyyətlərini nəzərə almaqla seçmək məqsədəuyğundur.

Sinir sistemini sakitləşdirməklə ağrıları aradan götürmək məqsədilə psixi sferaya təsir edən, qıcolma əleyhinə istifadə edilən, əzələ gərginliyini aradan qaldırma istiqamətinə yönəldilmiş dərman preparatlarının seçiminə, təbii və fizioterapevtik müalicə üsullarının kompleks istifadəsinə üstünlük verilməlidir.

B qrup vitaminlərin əks göstərişlər nəzərə alınmaqla yüksək dozada işlədilməsi qeyri- steroid iltihab əleyhinə preparatların ağrıkəsici effektini artırır və ağrı sindromunun daha tez və davamlı reqressinə şərait yaradır. Hər bir halda müalicəyə fərdi şəkildə yanaşılmalı, səbəb amilinin və onun törətdiyi fəsadların aradan götürülməsi istiqamətində işlər aparılmalıdır.

Xroniki bel ağrılarının müalicəsi ağrının biokimyəvi inkişaf mexanizmləri, diaqnostika və müalicəsi barədə geniş biliyin olmasını tələb edir.

Bu istiqamətdə aparılan rasional müalicə ağrı mənbəyinin ləğv edilməsi, zədələnmiş toxumanın bərpa olunması, periferik sinirlər üzrə və arxa kök düyünlərində ağrı impulsasiyasının ötürülməsinin tormozlanması, arxa buynuzlarda gedən proseslərə, mərkəzi beyin ağrı strukturlarına təsir göstərilməsi ilə başlanılır. Ağrının psixoloji komponentlərinin və simpatik aktivliyin təcrid olunması və ağrının mərkəzi və periferik mexanizmlərinin və xroniki ağrını müşayiət edən neyrokimyəvi və psixoloji amillərin aradan qaldırılması ilə müalicə davam etdirilir və tamamlanır.

Müasir dövrdə alqologiya elmi inkişaf mərhələsindədir. Alqologiya kəskin və xroniki ağrıları, onun patofiziologiyasını, ağrı və ağrı əleyhinə sistemləri, ağrılarla mübarizə metodlarını, dərmanların ağrıya təsir edici mexanizmlərini öyrənən, dərmanlarla yanaşı blokada metodlarından da istifadə etməklə ağrıya qarşı kompleks müalicə üsullarının təkmilləşdirilməsi ilə məşğul olan elm sahəsidir.

Alqologiya bölməsində tibbi müalicənin təsir etmədiyi ağrılarda sinirə və onurğaya birbaşa olaraq tətbiq edilən müalicə üsulları həyata keçirilir.

Dərman preparatının effektivliyi sübutlu təbabət mövqeyindən təyin olunur və xəstəliyin klinik əlamətlərinin azalması və xəstənin həyat keyfiyyətinin yaxşılaşması ilə ifadə olunur.

Beləliklə, müxtəlif səbəbli və formalı xroniki bel ağrıları zamanı təfsilatlı diaqnostika, erkən kompleks medikamentoz terapiya və alqologiyanın müalicə metodlarının tətbiq edilməsini və sonrakı neyroreabilitasiya üsullarını bilən həkim mütəxəssislərə müraciət olunması məsləhətdir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR