XƏBƏR

Bakıda 32 yaşlı qadından nəhəng böyrək şişi çıxarılıb

date 22 Oktyabr 2019

Bakıda 32 yaşlı qadından nəhəng böyrək şişi çıxarılıb

Bakıda 32 yaşlı qadında 26 santimetr ölçüdə nəhəng böyrək törəməsi aşkarlanaraq xaric edilib. 

e-tibb.az-ın xəbərinə görə, əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) icra edilib. RMDM-in yaydığı məlumatda bildirilir ki, böyrəklərdə küt ağrıların olması şikayəti ilə mərkəzə müraciət edən 32 yaşlı pasiyentdə müayinələr nəticəsində qaraciyərə, ana damarlara, vena cava inferiora, aortaya, sağ qalça arteriyasına yapışmış vəziyyətdə olan sağ böyrəyin lokal invaziv törəməsi aşkarlanıb. Nəhəng törəmə ətraf orqanlara və damarlara basqısı nəticəsində həyati təhlükəyə səbəb olub. RMDM-in şöbə müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə təcrübəli mütəxəssislərin ətraflı müayinələrindən sonra riskli, böyük həcmli əməliyyata qərar verilib. Əməliyyat uğurla başa çatıb.

RMDM-in şöbə müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan deyib ki, pasiyent əvvəllər qonşu ölkələrdə də müayinələrdə olub, göstəriş olduğu halda həmin xəstəxanalarda əməliyyatdan imtina edilib: “Bizə müraciət edərkən ağır vəziyyətdə idi. Xoşbəxtlikdən xəstəlik erkən dövrdə aşkarlandığı üçün törəmə digər orqanlara metastaz verməmişdi. Xəstənin yaşı nəzərə alınaraq, multidissiplinar yanaşma tətbiq edilərək əməliyyatın riskləri dəyərləndirildi, müvafiq hazırlıq mərhələsindən sonra radikal nefrektomiya və genişləndirilmiş limfodiseksiya əməliyyatına qərar verdik. Böyrək, ona yaxın bütün toxumalar və limfodüyünlər xaric edildi. Risk altında olan orqanlar qoruna bildi. Pasiyent bir neçə gün sonra yaxşı vəziyyətdə evinə yazıldı”.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR