XƏBƏR

Azərbaycanda xəstəyə dünyanın ən kiçik süni ürəyi köçürülüb

date 11 Fevral 2019

Azərbaycanda xəstəyə dünyanın ən kiçik süni ürəyi köçürülüb

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) unikal əməliyyat icra edilib - ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə süni ürək köçürülüb.

e-tibb.az-ın xəbərinə görə, əməliyyat ürək-damar cərrahı Anar Əmrahın komandası tərəfindən həyata keçirilib.

RMDM-dən bildirilib ki, süni ürək implantasiyası əməliyyatı ölkədə ilk dəfə olaraq (çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi - HeartWare) uğurla icra olunub.

Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə nəhayət mərkəzə müraciət edib. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən tibbi müayinə aparıldıqdan sonra ürək-damar cərrahı Anar Əmrah və kardioloqlar tərəfindən qərara gəlinib ki, xəstənin tək ümidi ürək transplantasiyası və ya süni ürək implantasiyasıdır.

Dünyada ürək çatışmazlığı olan bir çox xəstələrin yaşama ümidi olan Süni Ürək mexaniki bir pompadır.

Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahi olaraq yerləşdirilir və dünyada minlərlə ürək çatışmazlığı olan xəstələrə daha rahat yaşamaq üçün yeni ümidlər verir.

Süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR