XƏBƏR

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb

date 18 Yanvar 2021

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb

Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. 

Səhiyyə Nazirliyinin açıqlamasına görə, Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir.

Vaksinasiyanın ikinci mərhələsi fevralın 1-dən başlanacaq. 

COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları və vaksinasiya mərhələləri müvafiq olaraq aşağıdakı kimidir:

1-ci mərhələ

- Səhiyyə işçiləri;

- 65 yaşdan yuxarı şəxslər;

- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ

- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər. 

Bu gün Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub. 

Nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub. 

Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlər arasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da olub. 

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR