XƏBƏR

Azərbaycanda cərrahiyyənin bu sahəsi az öyrənilib, mütəxəssislər də azdır

date 23 Dekabr 2019

Azərbaycanda cərrahiyyənin bu sahəsi az öyrənilib, mütəxəssislər də azdır

Döş qəfəsinin travmatik zədələnmələri 20-25 faiz hallarda ölümlə nəticələnir. Hər il dünyada 16 mindən çox insan bu səbəbdən vəfat edir.

e-tibb.az-ın xəbərinə görə, bunu Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru Məlahət Sultanova ATU Tədris Cərrahiyyə Kinikasında "Videotorakoskopiyanın yeri" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, torakal zədələnmələrdən sonra ilk 30 dəqiqə-2 saat ərzində baş verən fəsadlar və ağırlaşmalar aradan qaldırıla bilər və bu, radioloqların, təcili tibbi yardım həkimlərinin, cərrahların professionallığından, biliklərinin yüksək səviyyədə olmasından asılıdır.

M. Sultanova döş qəfəsinin travmatik zədələnmələrinin təsnifatı, travmaların optimal dəyərləndirilməsi haqda da məlumat verib.

ATU TCK-nın direktoru, professor Surxay Hadıyev ölkədə cərrahiyyənin inkişaf etdiyini, amma döş qəfəsi cərrahiyyəsi ilə məşğul olanların sayının az olduğunu vurğulayıb.

O, avtomobil qəzaları, başqa hadisələr zamanı zədələnmə hallarının artdığını, elə ona görə də müzakirə olunan mövzunun aktual olduğunu bildirib. S. Hadıyev döş qəfəsi cərrahiyəsinin Azərbaycanda digər sahələrlə müqayisədə nisbətən az öyrənildiyini də açıqlayıb.

ATU TCK-nın  torakal cərrahı, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev isə torakal travmaların tarixi, etiologiyasından danışaraq deyib ki, toraks travmaları 40 yaşadək ölüm səbəbləri arasında birinci, bütün yaş qrupları üzrə isə üçüncü yerdə durur.

Onun sözlərinə görə, gənclər arasında travmaların əsas səbəbi yol-nəqliyyat hadisələridir. 65 yaşdan yuxarı insanlar arasında isə 40 faiz hallarda yıxılaraq alınana travmalardır.

Bu cür travmaların küt və daxilə diffuz edən olmaqla iki qrupa bölündüyü deyən həkim, küt travmaların daha çox qeydə alındığını, təhlükəlilik səviyyəsinin də yüksək olduğunu bildirib.

Onun sözlərinə görə, toraks travması zamanı ölümə traxeyanın, bronxun yaralanmaları, nəfəs yollarının zədələnmələri, ağciyər kontuziyaları, ürək zədələnmələri səbəb olur.

O, döş qəfəsi travmalarında müasir müalicə və diaqnostika üsulları haqqında məlumat verib. Tədbirdə mövzuya aid videoçarxlar nümayiş etdirib.

Seminarda iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.

 e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR