XƏBƏR

Azərbaycanda 12 yaşlı uşaq üzərində qeyri-adi ürək əməliyyat icra olunub

date 11 Mart 2020

Azərbaycanda 12 yaşlı uşaq üzərində qeyri-adi ürək əməliyyat icra olunub

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-damar cərrahiyyəsi şöbəsində qeyri-adi ürək əməliyyatı aparılıb. Bundan əvvəl tək mədəcik əməliyyatı keçirmiş 12 yaşlı uşaqda iki mədəcikli təmir icra olunub.

ATU mətbuat xidmətinin məlumatında bildirilir ki, klinikaya qəbul edilən 2008-ci il təvəllüdlü Zəhra Qənbərlinin intrakardiak morfolojisi biventrikulyar təmirə uyğun olsa da, ilk əməliyyatda onun üzərində uşaq ürək cərrahı Ramal Həsənovun rəhbərliyi ilə Glenn proseduru icra edilib.

Kavopulmonar anastomoz əməliyyatı, əsasən, təkmədəcikli təmir planlanan xəstələrdə ilk mərhələdə icra olunan bir əməliyyatdır.

Cərrah Ramal Həsənov bildirib ki, xəstədə cüzi hərəkət zamanı təngənəfəslik və yorğunluq müşahidə olunub. Xəstədə getdikcə göyərmə halı artıb, bunun nədən baş verməsi mütəxəssislərin marağına səbəb olub. İkiyönlü Glenn əməliyyatı olunmuş 12 yaşlı xəstə exokardioqrafiya müayinəsi olunan zaman ona d TGA,VSD, PS diaqnozu qoyulub və bu zaman xəstənin ikimədəcikli təmir şansının olduğu qənaətinə gəlinib.

R.Həsənovun bildirdiyinə görə, xəstədə Glenn “takedown” (GTD) + Rastelli əməliyyatı icra olunub. Onda Superior Vena Cava Warden proseduruna uyğun olaraq sağ atriuma təkrar anastomoz edilərək Sinus ritmi qorunub.

Qeyd edək ki, əməliyyat 14 saat çəkib, əməliyyat sonrası xəstənin döş sümüyü açıq buraxılaraq reanimasiyaya götürülüb. Əməliyyatın 4-cü günü xəstənin sternumu qapadılaraq ekstubasiya olunub. 20 gündən sonra isə xəstə normal klinik və hemodinamik göstəricilərlə evə yazılıb. Hazırda xəstə özünü normal hiss edir və həkim nəzarətindədir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR