XƏBƏR

Antibiotiklərdən özbaşına istifadə yolverilməzdir: Bu dərmanlara qarşı dözümlülük ağır fəsadlar yaradır

date 18 Noyabr 2020

Antibiotiklərdən özbaşına istifadə yolverilməzdir: Bu dərmanlara qarşı dözümlülük ağır fəsadlar yaradır

18-24 noyabr Antibiotioklərdən (mikrob əleyhinə preparatlardan) Düzgün İstifadə Həftəsi qeyd olunur. 

e-tibb.az xəbər verir ki, başqa sözlə, Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi adlandırılan bu tədbirlər hər il keçirilir. Antibiotiklə bağlı məlumatlandırma həftəsi dünyanın hər yerində şüursuz antibiotik istifadəsinin zərərləri barədə məlumatlılığı artırmağı hədəfləyir.

Ümumdünya Səhiyyə Təşkilarının (ÜST) bununla bağlı sosial şəbəkədə açıqladığı məlumatda bildirilir ki, bu il üçün əsas diqqət COVID-19 pandemiyası dövründə antibiotiklərə qarşı davamlılıq böhranını dayandırmağa yönəlib. ÜST həftə ərzində mikrob əleyhinə preparatlara qarşı davamlılıqla bağlı tövsiyələrini açıqlayacaq.

Belə bir həftə ÜST-nin təşəbbüsü əsasında antibiotiklərə qarşı yaranan rezistentliklə bağlı qlobal maarifləndirmənin səviyyəsini artırmaq, antibiotiklərdən düzgün istifadəni təbliğ etmək və nəticədə antibiotiklərə qarşı davamlılığın qarşısını almaq məqsədi daşıyır.

ÜST-nin məlumatlarına görə, antibiotiklərin təxminən 50%-i düzgün təyinatla istifadə olunmur, nəticədə antibiotiklərə qarşı rezistentlik halları artmaqda davam edir. Ümumiyyətlə, yüz minlərlə insan antibiotiklərə davamlı bakteriyaların yaratdığı xəstəliklərdən həyatını itirir. 2050-ci ilədək bu rəqəmin on milyona yaxınlaşacağı gözlənilir. 

Bu il maarifləndirmə həftəsi "Antibiotiklər: ehtiyatla davranın" şüarı altında qeyd olunur. Vurğulanır ki, antibiotiklər yalnız həkim nəzarəti və təyinatı əsasında xəstəliyin gedişinə uyğun olaraq istifadə edilməlidir. Antibiotiklərdən özbaşına istifadə yolverilməz hesab olunur. Özbaşına antibiotik qəbulu bir çox fəsadlara səbəb olur.

Covid-19 pandemiyası dövründə, mövsümi qrip və soyuqdəymələrin geniş yayıldığı payız fəslində antibiotik qəbulu artıb.

Rusiyadan olan mikrobioloq, Klinik kemoterapevtlər və mikrobioloqlar Alyansının rəhbəri Sergey Yakovlevin sözlərinə görə, COVİD-19 müalicəsi üçün antibiotiklərin təyin edilməsi əlavə sağlamlıq riskləri daşıyan müqavimətin artmasına səbəb olur. Onun sözlərinə görə, antibiotiklərin istifadəsi ilə müalicəyə reaksiya verməyən sabit mikrobların sayı da artır. Bu da koronavirusdan yox,  digər patogenlər səbəbindən ölümün daha tez-tez baş verdiyini göstərir.

Türkiyədən olan döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis, professor Hacer Kuzu Okur isə qeyd edib ki, virusların yaratdığı xəstəliklərin ən vacib xüsusiyyətlərindən biri də yüksək səviyyədə yoluxuculuq olmasına baxmayaraq, müalicəsi üçün hər hansı konkret dərmanın olmaması vacib bir problem sayılır. Buna görə də bir çoxları problemin müalicəsində antibiotiklərdən yararlanmağa çalışır.

O, bəşər tarixinin ən əhəmiyyətli dönüş nöqtələrindən birinin antibiotiklərin kəşfi olduğunu vurğulayaraq bildirib ki, bu dərmanlar bir çoxlarının həyatını xilas edib. Amma onun sözlərinə görə, antibiotiklərdən sui-istifadə, həkim nəzarəti olmadan istifadə ciddi fəsadlar yaradır.

Professor qeyd edib ki, infeksiyayaya qarşı antibiotik qəbul etmək yox, onun virus və ya bakterial mənşəli olduğunu ayırd etmək üçün klinik və laborator müayinələr aparmaq lazımdır. Həddindən artıq və səhv antibiotik istifadəsi nəticəsində bir çox bakteriyaların müqaviməti artır, beləliklə, antibiotiklər fayda vermir. Bu vəziyyət isə infeksiyaların müalicə olunmamasına səbəb olur. Antibiotiklər lazım olduqda istifadə olunmalı və tövsiyə olunan müalicə vaxtından əvvəl dayandırılmamalıdır.

Yanlış antibiotik istifadəsi həmçinin həzm sistemini pozur. Həzm sisteminin tarazlığını itirir, ishal yaradır.

İmmunitet sisteminə zərər verir. Bağırsaq florasında mikrobları öldürərək immuniteti zədələyir, yeni infeksiyaların inkişafına səbəb olur.

Allergik xəstəliklərin artmasına səbəb olur. Dəridə qaşınma və öskürək nəfəs darlığı kimi ağır allergik reaksiyalar yaradır. Bundan başqa, metabolik problemlər, piylənməyə də səbəb ola bilir.

Xüsusilə uşaqlıqda səhv istifadə edilən antibiotiklər bağırsaq florasını pozur, diabet üçün zəmin yaradan piylənməyə səbəb olur. Antibiotiklər bədəndən qaraciyər və ya böyrəklər vasitəsilə xaric olunur. Artıq antibiotik istifadəsi qaraciyər və böyrək çatışmazlığı üçün zəmin hazırlayır.

Antibiotiklərin zərərli təsirindən ağızda yaraların, diş rəngində qaralmaların da olması mümkündür...

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR