XƏBƏR

​​​​​​​Anafilaktik şok zamanı etməli olduqlarımız

date 31 Yanvar 2019

​​​​​​​Anafilaktik şok zamanı etməli olduqlarımız

Anafilaktik şok həyat üçün təhlükə yaradan kəskin böhranlı vəziyyətdir. Anafilaktik şok sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya (orqanizmin toxumalarında oksigenlə təchizatın və ya onun mənimsənilməsinin pozulması ilə müşahidə olunan hal) yaradır və həyati vacib orqanları zədələyir. Bu hal, əsasən, allergik xəstəliklərdən əziyyət çəkən insanlarda inkişaf edir.

Anafilaktik şok hospitalizə olunmuş 3000 xəstədən 1-də qeydə alınır. Dərman mənşəli anafilaktik şokdan ölüm göstəricisi 25%-ə qədər çatır. Arı sancması anafilaksiyası səbəbindən ölüm göstəricisi isə 1 milyon əhaliyə 0,4-2 hadisə təşkil edir. Anafilaksiyaya hər yaş qrupunda rast gəlir. Qida etiologiyalı anafilaksiya, əsasən, uşaqlarda, dərman mənşəli anafilaksiya isə daha çox böyüklərdə müşahidə edilir. Yaşlı insanlarda yanaşı xəstəliklərin olması səbəbindən anafilaktik reaksiyadan ölüm riski daha yüksək olur.

Dərman preparatları - antibiotiklər, vitaminlər, qeyri-steroid iltihab əleyhinə preparatlar, heyvan qanından alınmış zərdablar, vaksinlər, zərqanadlı həşəratların zəhəri, qida allergenləri - toyuq yumurtası, süd, soya, balıq və dəniz məhsulları, bitki tozcuqları allergenləri, lateks allergenlər - cərrahi əlcəklər, soyuğa qarşı reaksiyaya meylli şəxslərdə soyuğun təsiri ilə bağlı amillər, qida allergenlərinin təsirindən sonra fiziki gərginlik və qeyri-adekvat aparılmış ASİT (allergen spesifik immunoterapiya) – bütün bunlar anafilaktik şok vəziyyətini törədə bilən səbəblərdir.

Anamnezdə allergik xəstəliklər, dərman preparatlarının uzun müddət, xüsusən də, təkrar kurslar ilə istifadə olunması, dərman preparatlarının parenteral, xüsusən venadaxili üsulla yeridilməsi, allergenlə peşə ilə əlaqədar uzun müddətli təmas risk amilləridir.

Anafilaktik şokun 4 ağırlıq dərəcəsi var: Yüngül, orta ağır, ağır və çox ağır.

Ağırlıq dərəcəsi, allergenin orqanizmə daxil olmasından sonra şokun hansı vaxt ərzində əmələ gəlməsi ilə birbaşa bağlıdır. Ən çox ölüm halına allergenin orqanizmə daxil olmasından sonra 3-10 dəqiqə müddətində baş verən şok zamanı rast gəlir.

Anafilaktik şokun diaqnozu klinik əlamətlərin və anamnestik məlumatların düzgün qiymətləndirilməsi əsasında qoyulur. Əlamətləri və ağırlıq dərəcəsi allergenin növündən asılı olmur. Anafilaktik şok diaqnozu qoyarkən arterial hipotenziya, tənəffüs pozğunluqları və huşun pozulması ilə müşayiət olunan bütün kəskin xəstəliklər - miokard infarktı, ağ ciyər arteriyasının tromboemboliyası, kəskin ürək-damar çatışmazlığı, kəskin dərman zəhərlənmələri, sepsis, epilepsiya, günvurma, beyin qan dövranının pozulması və s. ilə differensial diaqnostika aparılmalıdır.

Anafilaktik şok təxirəsalınmaz şəkildə qiymətləndirmə və müdaxilə tələb edən, həyat üçün təhlükəli vəziyyətdir. Ağırlıq dərəcəsindən asılı olmayaraq anafilkatik şok zamanı hospitalizasiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicə mütləqdir. Yardım zamanı bütün preparatların inyeksiyası ilk növbədə əzələ daxilinə edilməlidir.

Anafilaktik şok zamanı təxirəsalınmaz yardım üçün ayaq nahiyələrini azca qaldıraraq xəstəni uzanıqlı vəziyyətə gətirmək, dilin arxaya sallanması, asfiksiya və qusuntu kütlələri ilə aspirasiyanın qarşısını almaq məqsədi ilə başını yan tərəfə çevirmək, alt çənəni irəli çəkmək lazımdır. Eyni zamanda təmiz havanın daxil olmasını təmin etmək və ya imkan varsa, oksigen terapiyası aparmaq gərəklidir. Tənəffüs pozulması olan xəstələrdə tənəffüsün asanlaşması məqsədi ilə oturaq vəziyyətə üstünlük verilə bilər.

Anafilaktik şok keçirmiş xəstələr əlamətlərin tam aradan götürülməsindən sonra 6 saatdan az olmayan müddət ərzində həkim nəzarəti altında olmalıdırlar.

Allergiyadan əziyyət çəkən bütün xəstələrə öz yanlarında içərisində adrenalin olan şpris-tübiklər gəzdirmələri məsləhət görülür. Digər tərəfdən, xəstələr bir sıra təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər. Belə ki, onlar arı pətəklərindən və həşəratların olduğu yerlər, bazarlar, zibilxanalardan uzaq olmalı, həşəratı tapdalamaq ehtimalına görə ot üzərində ayaqyalın gəzməməli, arıların bal yığma mövsümündə evdə pəncərələri tor ilə pərdələməli, qida arıları cəlb etdiyi üçün açıq yerlərdə qidalanmamalı və qida hazırlamamalı, arıların bal yığma mövsümündə ətirli maddələrdən istifadə etməməlidirlər. Çünki ətirlər, saç üçün boyalar həşəratları cəlb edir. Bağ və bostanlarda işləyərkən bədənin çox az hissəsini açıq saxlamaq, qalın parçadan şalvar və uzun qollu paltarlar, ayaqlara isə qalın altlıqlı ayaqqabı geyinmək, baş örtüyündən istifadə etmək məsləhətdir.

Eyni zamanda arı sancması zamanı neştəri barmaqlar ilə tutaraq çıxarmaq olmaz, çünki bu zaman zəhər kisəsi sıxılır və qalmış zəhər yaradan sorulur.

Qida məhsuluna qarşı allergik reaksiya zamanı isə qida məhsulu ömürlük və ya uzun müddətə rasiondan çıxarılmalıdır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR