XƏBƏR

Anadangəlmə ürək qüsurlarının əsas SƏBƏBLƏRİ

date 27 Fevral 2019

Anadangəlmə ürək qüsurlarının əsas SƏBƏBLƏRİ

“Son illər anadangəlmə ürək qüsurlarının müalicəsi və əməliyyatı üçün xaricə gedən azərbaycanlı xəstələrin sayı xeyli azalıb. Bunun da səbəbi ölkəmizdə hər cür qüsurların əməliyyat olunması, peşəkar həkimlərin olması ilə əlaqədardır”.

E-tibb.az-ın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ürək kateterizasiyası və angioqrfiya laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov deyib.

Həkim bildirib ki, hələlik Azərbaycan üçün anadangəlmə ürək qüsurları problemi aktual olaraq qalır: “Bu problem inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə izlənilir. Azərbaycana gəlincə, statistikaya baxsaq, anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlara daha çox cənub rayonlarında, ucqar kəndlərdə rast gəlinir. Bunun əsas səbəblərindən biri hamiləliyə düzgün nəzarət olunmaması, vaxtında müayinədən keçməməklə bağlıdır. Halbuki, anadangəlmə ürək qüsurlarını erkən mərhələdə müayinə zamanı diaqnoz qoymaq mümkündür. Amma şikayəti olan xəstələrin heç də hamısı həkimə getmir və ona görə də anadangəlmə qüsuru vaxtında aşkarlamaq mümkün olmur. 20-40 yaşında diaqnoz qoyulan xəstələrimiz də olur. Amma xəstəlik nə qədər tez aşkarlansa və müalicə alsa, müalicə də bir o qədər effektiv olur”.

Onun sözlərinə görə, bəzi anadangəlmə qüsurları hələ ana bətnində-döl daxilində görmək olur. Amma uşaq anadan olduqda, bu xəstəlik həyatla uzlaşmadığına görə uşaq dünyasını dəyişir: “Hazırda ən çox fetal ekokardioqrafiya müayinəsi ilə diaqnoz təsdiqlənir. Bu müayinəni hamiləliyin 18-ci həftəsindən sonra aparmaq mümkündür. Müayinə zamanı bu qüsurun həyatla uzlaşmadığı aşkarlanarsa, onda hamiləlik sonlandırılır. Əgər müalicə olunan qüsurdursa, uşaq doğulanda artıq bilinir ki, xəstədir”.

Ürək qüsuru olan uşaq hansı yaşında əməliyyat oluna bilər?

Həkim suala cavab olara bunları deyib: “Elə qrup xəstəlik var ki, ancaq əməliyyatla aradan qalxır. Ona görə də bəzən elə olur ki, uşaq anadan olan kimi təcili-ilk saatlardaca əməliyyata alınır. Elə qüsurlar var ki, uşağın çəkisi 10 kq-ı keçəndən sonra əməliyyat oluna bilər. Yaxud, uşaq məktəb yaşına çatandan sonra əməliyyat olunmalıdır. Öz-özünə düzələn, heç müalicə tələb etməyən ürək qüsurları da var. Qüsurların bir çoxu əməliyyat tələb etmir. Belə qüsurların əlaməti olmur, onları heç müalicə etmək də lazım deyil. Lakin elə qüsurlar var ki, tamam ayrı yanaşma tələb olunur. Məsələn, böyük mədəciklərarası çəpər defektini əməliyyat etməsən, 20 yaşından sonra əməliyyat şansı itir. Ömür boyu o qüsurla və əziyyətlə yaşamalı olursan. Bu xəstəlik sənə əziyyət verəndən sonra əməliyyata girmək istəsə də, xəstə əməliyyatdan sağ çıxmır.

Həkimlərə ən çox təsir edən odur ki, insan bu yaşa qədər ürəyindəki qüsurdan xəbərsiz qala bilər. Bu, xəstənin məsuliyyətsizliyi ilə bağlıdır. Çünki ürəkdə küy adi fonendoskopla da eşidilir. Bu halda xəstəni mütləq EXO müayinəyə göndərirlər. Demək bu yaşacan insanın sinəsinə bir dəfə də olsun fonendoskop qoyulmayıb. Yaxud da həmin şəxs deyilənə  əhəmiyyət verməyib. Xəstəmiz vardı ki, 65 yaşına qədər fallo qüsuru ilə -  4 qüsurla yaşayıb”.

Q. İmanov deyib ki, anadangəlmə ürək qüsurları ilə xaricə gedən azərbaycanlı xəstələrin sayı xeyli azalıb. Bunun da səbəbi hər cür qüsurların əməliyyat olunması, peşəkar həkimlərin olması ilə əlaqədardır. Bizim klinikada da ürk qüsurları effektiv şəkildə müalicə olunur və uğurlu əməliyyatları aparılır: “Bəzi sadə qüsurlar - qulaqcıqarası çəpər, açıq botul axacaq, ənzəcik çəpər kimi qüsurlar heç əməliyyat olunmur. Bu qüsurlar damardan girməklə, xüsusi cihaz defekt nahiyəsinə yerləşdirilir. İnsan üzərində kəsik olmur, xəstə klinikada cəmi bir gün yatır, narkoz almır, kəsik çapıq olmur. Həmin insan da gələcəkdə həyatını sağlam insan kimi davam etdirir”.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR