BLOQ

Yorğunluq nə zaman xəstəlik əlamətidir?

date 25 Fevral 2019

Yorğunluq nə zaman xəstəlik əlamətidir?

Səhər yorğun oyanmaq, gün ərzində halsızlıq, iş görməyə həvəsin olmaması əslində adi hal yox, ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Xroniki yorğunluq sindromu terminindən hər hansı bir xəstəliyi deyil, şiddətli bir yorğunluğu ifadə etmək üçün istifadə olunur. Bu şəxslərdə 6 ay içində əlavə olaraq yuxusuzluq, əzələ ağrıları, diqqət əskikliyi, oynaq ağrıları, boyun və qoltuqaltı limfa düyünlərində böyümə, baş ağrısı, boğaz ağrısı kimi əlamətlər də ola bilər.

Yorğunluğa səbəb olan əsas xəstəliklər qanazlığı, depressiya, multipl skleroz, parkinson xəstəliyi, tiroid xəstəlikləri, xərçəng, ürək xəstəlikləri, infeksion xəstəliklər, metabolik xəstəliklər və yuxu apnesidir (yuxuda nəfəs kəsilmə). Xroniki yorğunluğun səbəbini əksər hallarda səhvən psixi hal kimi də düşünürlər. Yorğunluğun psixiatrik köklü olmasını düşünmək üçün xəstənin əvvəlcə bəzi müayinələrdən keçərək yuxarıda sadalanan xəstəliklərinin olduğunu inkar etmək lazımdır.

Hansı nevroloji xəstəliklərdə yorğunluq hissi olur?

Bəli. Neyrogenetik xəstəliklər, sinir-əzələ, əzələ xəstəlikləri, demiyelinizan xəstəliklər, parkinson kimi neyrodegenerativ xəstəliklərdə yorğunluq şikayəti ön planda olur və xəstənin həyat keyfiyyətini artırmaq üçün müalicə tələb edir. Nevroloji xəstəliklərdə olan yorğunluqla yanaşı yaddaş, davranış, hərəkət, görmənin pozulması, qolda və ayaqda uyuşma, gücsüzlük kimi digər şikayətlər də olur.

Xüsusilə gənc yaşlarda başlayan və yayılmış bir xəstəlik olan Multipl Skleroz xəstəliyində də yorğun hiss etmə əsas şikayətlərdən biridir və təxminən xəstələrin 80%-də vardır. Multipl Skleroz xəstələrindəki yorğunluğun digərlərinə görə əsas fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:

-Əsasən günün başlanğıcında olması,

-Normal gecə yuxusundan sonra belə yenə müşahidə edilməsi,

-Günün sonuna doğru daha da artması,

-Nəm və isti mühitdə artması,

-Normal yorğunluğa görə daha şiddətli olması

Multipl Skleroz xəstələrindəki yorğunluq bəzi dərmanlarla müalicə edilir.

Yorğunluq enerji metabolizmasında olan zəifləmə nəticəsində mitoxondri adlanan hüceyrədaxili hissəciyin işinin pozulması ilə yaranır. Mitoxondrilərin işini doğru görməməsi xroniki yorğunluq, xərçəng, fibromialgiya, şizofreniya, diabet kimi xəstəliklərlə də əlaqəlidir.

Həkimə nə zaman müraciət olunmalıdır?

Əgər əvvəllər rahat bir şəkildə gördüyünüz işləri indi yorularaq edirsinizsə, yorğunluq keçib getmirsə, bununla yanaşı özünə baxımın azalması da varsa, yorğunluq keçici xüsusiyyət daşımır və xroniki hal alıbsa, o zaman həkimə müraciət edilməlidir.

Sağlam insanlar enerjili olmaq və yorulmamaq üçün nə etməlidirlər?

Əgər müayinə nəticələri normaldırsa, o zaman enerjinizi doğru istifadə etməyi öyrənmək lazımdır. İş və istirahət vaxtının doğru bölünməsi, yəni qısa və tez istirahət fasilələri verərək yorğunluğun qarşısı alına bilər. Gündəlik lazımi miqdarda su qəbul etmək metabolizmanın yavaşlamasının qarşısını alır. Müntəzəm yuxu, düzgün qidalanma, günlük piyada gəzmə, idmanla məşğul olmaq immun sistemin güclənməsinə, dayaq-hərəkət sisteminin sağlamlığının qorunmasına və bədən çəkisinin nizamlanmasına kömək edir.

 

Nailə Ələkbərova - Nevroloq, Uzman həkim

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR