BLOQ

Uşaqların bütün problemləri doğrudanmı qurdlarla bağlıdır?

date 21 Oktyabr 2019

Uşaqların bütün problemləri doğrudanmı qurdlarla bağlıdır?

İstənilən simptomu, diş qıcaması, pis yuxu (uşağın narahat yatması), açıq oval dəlik, raxit, skolioz və ümumiyyətlə, uşaqların başına gələ biləcək bütün problemləri insanlar birbaşa bədəndə qurd olması ilə əlaqələndirirlər.

Bu məqalədə sizin qonşudan, qohumdan yaxud elə öz ailə üzvlərinizdən eşitdiyiniz və qarşınıza çıxa biləcək bütün yanlış məlumatları yığıb təkzib etmək qərarına gəldim.

1. "Qan analizini verin: bu, bədəndə qurd olduğunu daha tez və daha dəqiq müəyyən edəcək". Yanlışdır!

Təəssüf ki, belə bir tendensiya var ki, təzə bir müayinə üsulu varsa, deməli onunla hər şeyi yoxlamaq olar. Xeyir, elə deyil. Çox təəssüf edirəm ki, hətta ali təhsilli insanlar belə, bahalı və reklam edilən diaqnostika üsullarına, xüsusən də bu üsullarla qurd xəstəliklərinin aşkar edilməsinə inanırlar.

Adi bağırsaq qurdlarının (askaridlərin) və ibtidailərin (əsasən lyambliyaların) İFA (immun flüoressent analiz) üsulu ilə qanda həmin parazitlərə qarşı anticismlərin müəyyən edilməsi YANLIŞDIR və düzgün olduğu təsdiq edilməyib. Bu üsul hər konkret halda:

- insanın indi xəstə olduğunu yaxud bir neçə il əvvəl yoluxduğunu dəqiq müəyyən etmir (İgG və İgM);

- zəif həssaslığa və spesifikliyə malikdir, yəni yanlış müsbət və yanlış mənfi nəticələri çox olur.

Bağırsaqlarda parazitlərin mövcudluğunu dəqiq bilmək üçün yalnız nəcisin 3 dəfə mikroskopiyası keçirilir!!! Qanda immunoqlobulin təyin edilməsi (İFA) isə yalnız növbəti parazitar xəstəliklərdə yararlıdır: toksoplazmoz, toksokaroz, trixinelyoz, fassiolyoz, opistorxoz və exinokokkoz.

2. "Bütün uşaqlara ildə 1-2 dəfə profilaktika məqsədi ilə qurd əleyhinə dərman vermək lazımdır". QƏTİ ŞƏKİLDƏ OLMAZ!

Ümumdünya Səhiyyə Təşkilatı doğrudan da uşaqlarda qurd əleyhinə dərmanlarla profilaktika keçirməyi tövsiyə edir. Lakin bu, endemik (qurd xəstəlikləri çox yayılmış) zonalara aiddir: əgər bir ərazidə torpaq vasitəsilə parazitlərə yoluxma 20%-dən çoxdursa, o zaman ildə bir dəfə; əgər 50%-dan çoxdursa, ildə iki dəfə profilaktika məqsədi ilə qurd əleyhinə dərman qəbulu mütləqdir. Qeyri-endemik zonalarda isə qurd əleyhinə dərmanlarla müalicə yalnız yoluxma sübut edildiyi halda keçirilir.

3. "Yuxuda diş qıcaması - qurd xəstəliyinin dəqiq göstəricisidir". Mən bu barədə ayrıca məqalə yazmışam, lakin bu "simptomla" müraciətlər azalmır. Diş qıcamasının (bruksizmin) qurdlara heç bir aidiyyatı yoxdur. Əksər hallarda bruksizm müalicəsiz keçir. Onun əmələ gəlməsi psixiki-emosional gərginliklərlə, streslərlə və bir çox digər amillərlə bağlı ola bilər. Bunlar eynən hallitoza da aiddir.

4. "Bioloji aktiv əlavələr (BAƏ), sarımsaq və balqabaq tumu qurd xəstəliklərini dərmandan yaxşı müalicə edirlər". SƏHVDİR!

Əgər Siz internetdə, qəzetlərdə yaxud televizorda qurdlara qarşı növbəti effektiv vasitə reklamını görürsünüzsə (məsələn, İntoxic, Bactefort və s. bitki tərkibli dərmanlar), bilin ki, bu “möcüzəvi preparatın” istehsalçısı onun necə işlədiyini və ümumiyyətlə, nə işə yaradığını bilmir, çünki bu insanların əsas məqsədi – pul qazanmaqdır, müalicə etmək deyil.

Hazırda bu cür BAƏ-dən heç biri rəsmi olaraq bütün zəruri tədqiqatlardan keçməyib və qurd əleyhinə vasitə kimi effektiv olduğu sübut olunmayıb.

5. “Lyambliyalar öd kisəsinə və qaraciyərə daxil olub orada iltihaba səbəb olurlar”.

Mən lyambliyalar barədə daha öncə böyük bir məqalə yazmışam və bir daha təkrar edirəm – XEYR!

Lyambliyalar qələvi mühitdə yaşayan ibtidailərdir, bu səbəbdən də yalnız nazik bağırsaqda olurlar. Və məhz nazik bağırsaqda müəyyən simptomlara səbəb olurlar: ishal, həzm pozğunluğu, bədən hərarətinin yüksəlməsi. Ödün təsirindən isə lyambliyalar qısa müddətdə məhv olurlar, bu səbəbdən də onların qaraciyərdə mövcudluğu imkansızdır!

6. “Qurd əleyhinə müalicə zamanı əsas dərmandan başqa sorbentlər də qəbul edilməlidir: aktivləşdirilmiş kömür, smekta, atoksil və s.”.

LAZIM DEYİL!

Helmintozlara qarşı müasir müalicə protokollarının heç birində bu cür tövsiyələr yoxdur. Demək olar ki, 100% hallarda müalicə üçün yalnız bir preparat lazımdır – qurd əleyhinə dərman. Başqa heç nə lazım deyil.

Bəli, heç nə, başqa heç nə. “Klizma” etməkdən də əl çəkin.

 

Həmid Hacıağayev - Pediatr-infeksionist

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR