XƏBƏR

Uşaqlarda yayda yaranan bağırsaq infeksiyaları: Suzuzlaşmaya qarşı nə etmək lazımdır?

date 1 İyul 2020

Uşaqlarda yayda yaranan bağırsaq infeksiyaları: Suzuzlaşmaya qarşı nə etmək lazımdır?

Hər il yay fəslində uşaqlar arasında ən çox yayılan problemlərdən biri də bağırsaq infeksiyaları olur. Hazırda pandemiya ilə bağlı əsas diqqət koronavirusdan qorunmağa yönəlsə də, digər infeksiyaların yayılma ehtimalı da var. Bağırsaq infeksiyalarından və onların fəsadlarından  necə qorunmaq olar? İnfeksiya yarandığı halda hansı tədbirlər görülməlidir? 

e-tibb.az pediatr-infeksionist Həmid Hacıağayevin bununla bağlı məqaləsini təqdim edir:

Karantin səbəbindən sosial məsafə qorunsa da, hava-damcı yolu ilə ötürülən, həmçinin içməli su və qida məhsulları ilə yayılan infeksiyalar təxirə salınmır. Hər il olduğu kimi, bu yay da bağırsaq infeksiyalarının meydana çıxması gözlənilir. Bu zaman valideynlərin ən çox qorxduğu qusma və ishal ən təhlükəlisi deyil, onların fəsadı- bədənin susuzlaşması daha təhlükəlidir.

Susuzlaşma orqanizmin müxtəlif səbəblərdən susuz qalmasıdır. Uşaqlarda susuzlaşma ən çox qusma və ishal hallarında olur.

Susuzlaşma zamanı orqanizm böyük miqdarda maye, elektrolit itirir. Bu zaman uşaqda susuzluq hissi, aktivliyin azalması, dodaqların və ağız boşluğunun quruması və sidik ifrazının azalması müşahidə olunur. Ciddi susuzlaşma uşağın həyatı üçün təhlükəli ola bilər. Müalicə üçün mütləq daxilə maye və elektrolit qəbul edilməlidir, yaxud həmin maddələr venadaxili infuziya ilə bədənə yeridilməlidir. Susuzlaşma orqanizmin mayeni qəbul etdiyindən çox itirməsi zamanı başlayır.

Bu maye itkisi isə, qeyd etdiyim kimi, ən çox bağırsaq infeksiyaları səbəbi ilə əmələ gələn qusma və ishal hallarında baş verir.

Uşaqda bədənin susuzlaşmasının əlamətləri:

- əmgəyin içəri batması;

gözlərin çökməsi (göz altında tünd dairələrin əmələ gəlməsi);

- ağladıqda göz yaşlarının axmaması;

- ağızda quruluq;

- sidik ifrazatının azalması;

- diqqət cəmləşməsinin və aktivliyin azalması.

Susuzlaşmanı üç mərhələyə bölmək olar:

1. Yüngül susuzlaşma: Ağız boşluğunun və dodaqların quruluğu, güclü susuzluq hissi, sidik miqdarının azalması.

2. Orta susuzlaşma: 1-ci mərhələdəki əlamətlər + aktivliyin azalması, ürək döyüntülərinin artması və huşsuzluğa yaxın hallar.

3. Ağır susuzlaşma: yuxululuq, zəiflik, göz yaşlarının olmaması, tənəffüsün tezləşməsi, dərinin göyərməsi (sianoz), qıcolmalar, koma və ən pis halda ölümlə nəticələnən beyin zədələnməsi.

Bütün bu hallar bir-birinə çox bağlıdır və əmələ gəldiyi andan etibarən həkimə yardım üçün müraciət etməm lazımdır. Ağır hallarda uşağı xəstəxanaya yatırmaq tələb oluna bilər.

Peşəkar tibbi yardım göstərilənə qədər valideynin etməli olduğu əsas tədbir itirilmiş mayeni bərpa etmək olmalıdır. Bunun üçün ev şəraitində peroral rehidratasiya, yəni suyun ağızdan qəbul edilməsi mütləqdir. Ev şəraitində rehidratasiya üçün mayeni şəkildə təsvir olunan qaydada hazırlayın uşağa hər 5 dəqiqədə bir çay qaşığı yaxud 5 ml-lik dolu dərman şprisi (iynəsiz şpris) vasitəsi ilə içirtmək lazımdır. Əgər uşaq bu dozada mayeni qaytarmırsa, yəni qusma təkrarlanmırsa, bir dəfəyə verdiyiniz maye dozasını 10-15 ml-dək artırıb 10 dəqiqədə bir dəfə vermək olar.

Körpə uşaqlar əksər hallarda daxilə maye qəbul edə bilmədikləri üçün intensiv müalicə məqsədilə hospitalizasiya edilirlər, mayeni həm nazoqastral zond vasitəsilə, həm venadaxili infuziya yolu ilə alırlar.

Ana südü ilə qidalanan körpələr adətən ana südü ilə bütün maye və elektrolitləri kifayət qədər qəbul edirlər, ana südünün tez-tez qəbulu onlar üçün ən yaxşı müalicə üsulu olur (əgər təkrarlanan qusma halları yoxdursa).

Bütün qalan uşaqlara rehidratasiya məhlulu 24 saat ərzində 1 kg çəkiyə 100-150 ml hesabı ilə verilir. Məsələn, 10 kg çəkisi olan maye itirmiş uşağa 24 saat ərzində 900-1500 ml maye verilməlidir.

Rehidrayatsiya məhlullarının dadı uşaq üçün xoşagəlməz ola bilər. Bu zaman 1 yaşdan böyük uşaqlara maye bərpası məqsədilə bulyon, şorba, şəkərsiz qazsız mineral su, su ilə 50/50 durulaşdırılmış meyvə şirəsi verilə bilər.

Əgər körpə 12-24 saat ərzində qəbul etdiyi mayeni qaytarmırsa, ona artıq yemək verməyə başlamaq olar.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR