BLOQ

Uşaqlarda hidronefroz-böyrək genişlənməsi nədən yaranır?

date 27 Avqust 2019

Uşaqlarda hidronefroz-böyrək genişlənməsi nədən yaranır?

Sidik yollarının hər hansı bir nahiyəsində maneə olduqda böyrəyin sidikdən azad olması çətinləşir.  Böyrəklərdən sidiyin xaric olmasının pozulması nəticəsində kasa-ləyən sistemi genişlənir, bu zaman böyrək həcmcə böyüyür ki, bu, hidronefroz (böyrək genişləməsi) adlandırılır.

Ureterohidronefroz və ya hidroureter dedikdə bütün sidik yollarının genişlənməsi nəzərdə tutulur. Bu zaman maneə əksər hallarda sidik axarının aşağı hissəsində-sidikliyə açılan nahiyəsində baş verir. Sidik axarında hər hansı bir səbəbdən sidiyin xaric olmasının pozulması ureterohidronefroza səbəb ola bilər.

Sidik yollarının birdən-birə və ya tədricən tutulması böyrək paranximasında bərpa edilə bilməyən dəyişikliklər baş verə bilər, bu da orqanın itirilməsinə gətirib çıxara bilər.

Hidronefrozun əlamətləri

 Hidronefrozun özünəməxsus klinik əlamətləri yoxdur, ancaq hidronefroza səbəb olan xəstəliyə aid aşağıdakı əlamətlər görülə bilər:

Ağrı, qusma,

Böyrək nahiyəsində şişin ələ gəlməsi,

Sidikdə qan görülməsi (hematuriya),

Yüksək hərarət , sidik yolları infeksiyası,

Çox maye alanda ağrının artması,

Böyrək daşın yaranması,

Uşaqda inkişaf geriliyi və s.

Hidronefrozun diaqnozu ultrasəs müayinələrinə əsasən qoyulur. Son illərdə daha çox hamilə qadınların rutin kontrollarında aparılan bətndaxili ultrasəs müayinəsində aşkar edilir. Buna anadangəlmə hidronefroz (antenatal hidronefroz) deyilir. Ancaq dəqiq diaqnoz uşaq doğulduqdan sonra qoyulur. Daha böyük yaşlı uşaqlar isə yuxarıda sadalanan əlamətlər ilə müraciət edir.

Hidronefrozun və ureterohidronefrozun proqnozu buna səbəb olan anomaliyadan, dərəcəsindən, bir və ikitərəfli olmasından, infeksiyanın olub-olmamasından və eləcə də ağırlaşmasından asılıdır.

Hidronefroz iki yerə bölünür, birincili, yaxud anadangəlmə. Anadangəlmə anomaliyalara böyrəyin anomaliyalarını, sidik axarının böyrək ləyəninin yuxarı hissəsindən başlamasını, ləyən-sidik axarı seqmentinin daralması, böyrəyin qeyri-normal yerləşən damarlarını  və s. aid etmək olar.

İkincili, yaxud qazanılmış, buraya sidik axarı keçiriciliyinə təsir edə bilən xəstəliklər aid edilir, böyrək və sidik axarı daşları, törəmələr və s.

Hidronefrozun müalicəsi

Hidronefrozun və ureterohidronefrozun müalicəsi də həmçinin anomaliyadan və dərəcəsindən asılıdır.  Xəstəliyin diaqnozu qoyulduqdan sonra onun funksional vəziyyəti, digər böyrəyin fəaliyyəti, ağırlaşması və xəstənin yaşı nəzərə alınmalıdır.

Diaqnoz qoyulan əksər hidronefrozlar, xüsusən anadangəlmə hidronefrozlar yüngül və orta səviyyədə olur, çox vaxt əməliyyata ehtiyac duyulmur, lakin bu cür hidronefrozlu xəstələr təcrübəli həkim tərəfindən müşahidə altında olunmalıdır.

 

Hidronefroza səbəb olan anadangəlmə anomaliyalar;

Ləyən-sidik axarı birləşməsinin obstruksiyası (UP Darlıq)

Sidik kisəsi-sidik axarı reflyuksu

Sidik axarının genişlənməsi (meqaloureter)

Sidik axarının ikiləşməsi

Sidik axarının qeyri-düzgün yerləşməsi (ektopik ureter)

Ureterosele

Arxa uretral klapan

Pərviz Hacıyev- Uşaq urologu, uzman həkim

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR