XƏBƏR

Uşaqlar yazda niyə xəstələnir?

date 15 Mart 2019

Uşaqlar yazda niyə xəstələnir?

Havalar soyuyanda, qış aylarında uşaqların xəstələnməsi nisbətən adi qarşılanır. Demək olar ki, bütün analar infeksiyanı havanın soyuqluğu, soyuqdəymə və mikrobla əlaqələndirirlər. Bəs havalar isinəndə necə? Yaz-yay aylarında uşaqlar tətilə getdiyi, hava isti olduğu halda yüksək hərarət, qızdırma, öskürək, boğaz ağrıları müşahidə edilir. Bunun səbəbi nədir? E-tibb.az türkiyəli allerqoloq Yonca Tabakın bu barədə fikirlərini təqdim edir.

Həkim bildirir ki, həqiqətən də qış ayları virusların asanlıqla yayıldığı dövrdür. Məktəb kimi qapalı mühitlərdə viruslar yayıldığından uşaqlar daha tez xəstələnirlər. Amma yazda uşaqların xəstələnməsi virusla bağlı olmaya bilir: “Hər xəstəlik virus qaynaqlı deyil və soyuqlama başqa uşaqdan mikroba yoluxma nəticəsində yaranmır. Üstəlik, havanın isti olduğu vaxtlarda badamcıq iltihabı çox zaman virus deyil, bakteriya dediyimiz, antibiotiksiz keçmə ehtimalı aşağı olan mikrobun fəaliyyəti nəticəsində meydana çıxır. Bu bakteriya çox vaxt bizim öz bədənimizdə onsuz da olan, səssiz-sədasız gözləyən bir bakteriyadır. İnsanın ağız və boğaz yolunda milyonlarla bakteriya yaşayır. Bunların bəziləri xəstəlik yaratma potensialına malikdir, bir çoxu isə “sağlam flora bakteriyaları” dediyimiz xəstəlik yaratmayan, tam əksinə, xəstəliklərin qarşısını alan mikroblardı. Bu dost bakteriyalarla xəstəlik yaradanlar arasındakı tarazlıq qorunduğu müddətdə problem ortaya çıxmır. Lakin hər hansı formada dost bakteriyalar zərər görür və xəstəlik yaradanlar fəaliyyətə keçir. Bax, bu zaman problemlər yaranır. Xaricdən mikrob qəbul etmədən belə, öz mikrobumuzla xəstələnirik”.

Mütəxəssisin sözlərinə görə, uşaqlarda ağız və boğazdakı sağlam flora tarazlığını pozan ən əhəmiyyətli faktor reflüksdür. Reflüks mədə turşuluğunun hər hansı formada ağız-boğaz yoluna qayıtmasıdır. Mədədəki bu turşu xəstəlik yaradanlarla müqayisədə çox həssas və kövrək olan sağlam dost bakteriyalara sürətlə zərər verir. Sağlam bakteriyalar öldükdə və sayı azaldıqca aranı nəzarətsiz görən xəstəlik yaradan mikroblar fürsəti əldən vermirlər və boğaz iltihabı özünü göstərir. Reflükslə bağlı boğaz iltihabı yaz-qış tanımır. 40 dərəcə istidə belə, ola bilər. Üstəlik, uşaqlarda reflüksü inkişaf etdirən ən əhəmiyyətli faktor pis qidalanmaqdır. Ona görə də uşaqlara qarşı daha diqqətli olmaq lazımdır. Kafein ehtiva edən kakaolu qidalar, şokoladlı şirniyyatlar, qəhvə, qazlı, buzlu içkilər, dondurmalar, hamburger, pizza, kartof qızartması, ketçup, mayonez və bunlara bənzər bir çox qidalar gizli reflüks yaradan məhsullardır”.

Allerqoloq yaz-yay aylarında uşaqların sadə şəkildə qidalanmasını məsləhət görür. O, sobada bişən, az yağlı, az souslu qidaların, təzə meyvə-tərəvəzin bol yeyilməsini məsləhət görür: “Uşağınızın qazlı və soyuq içkilər yerinə sadə su içməsini təmin edin. Bütün günü yemək yaxşı hal deyil. Yemək saatlarına sadiq qalın. Uşağınızın yatmazdan əvvəlki 2-3 saatda yeməsinə icazə verməyin. Yemək sonrası dərhal hovuz və ya dəniz kimi fiziki fəaliyyət tələb edən yerlərdən çəkindirin. Yeməkdən sonra ən az 1 saat uşağınızın sakit vaxt keçirməsini təmin edin”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR