BLOQ

Uşaqlar koronavirusu adətən yüngül və fəsadsız keçirirlər...

date 2 Mart 2020

Uşaqlar koronavirusu adətən yüngül və fəsadsız keçirirlər...

1960-cı illərdən dünyada mövcud olan koronavirus 2019-cu ilin dekabr ayında Çində yenidən rast gəlinərək qısa müddətdə dünyanın 40-dan artıq ölkəsinə yayıldı. Bu virusun mənşəyi tam olaraq bilinmir. İlk dəfə Çinin Vuhan şəhərindəki heyvan və balıq bazarında işçilər arasında aşkar edildiyi üçün virusun heyvanlardan birindən başladığı güman olunur.

Koronavirus hava-damcı yolu ilə yayılan kəskin respirator virus infeksiyasıdır. Qriplə oxşar əlamətləri çox olsa da qrip deyil, sadəcə virus mənşəli bir xəstəlikdir. Lakin, 2020-ci ilin ilk aylarında bu virusun törətdiyi xəstəlik tez-tez çox ağır gedişat və fəsadlaşmalarla seyr etməyə başladı ki, bunun nəticəsində bir çox hallarda ölüm hallarına da rast gəlindi. Bu günə qədər dünyada xəstələnənlər arasında ölüm faizi təxminən 3,5-dir.

Koronavirüs, heyvanlardan insanlara keçə bilən viruslardandır. Bu virüs insanlara keçdiyi zaman mutasiyaya uğraya və insanlar arasında sürətlə yayıla bilir. Bu infeksiya yaşlılara, sağlamlıq problemi olan, immun sistemi zəif olan insanlara daha tez təsir göstərir. Adətən uşaqlar bu xəstəliyi yüngül və fəsadsız keçirirlər. Buna görə də koronavirus nəticəsində həyatını itirənlər arasında uşaqlara demək olar ki, rast gəlinmir. Koronavirus, bir insandan qrip virusuna bənzər şəkildə asqırma və öskürmə nəticəsində hava-damcı yoluyla digər insanın yuxarı tənəffüs yollarına ötürülür. İnfeksiyalaşmış əşyalardan da infeksiya ötürülə bilər.

Virusun inkubasiya dövrü  orta hesabla 5-11 gün olmaqla 2 həftə qədər hesab edilir. Quru öksürək, qızdırma, halsızlıq, boğaz ağrısı, burun axması, əzələ ağrıları, təngənəfəslik, böğulma, ishal, ürəkbulanma, qusma, iştahsızlıq xəstəliyin əsas klinik əlamətləridir. Xəstəliyin diaqnozu yuxarı tənəffüs yollarından götürülmüş möhtəviyyatların müayinəsi (əsasən PZR üsulu ilə) ilə qoyulur.

Koronavirusun hazırda spesifik müalicəsi və peyvəndi yoxdur. Dünyada çoxlu sayda  mütəxəssislər bu problemin həlli üçün durmadan çalışır. Artıq bir dərman preparatının (malyariya xəstəliyinin müalicəsində istifadə olunan xlorokvin) xəstəliyin müalicəsində effektivliyi barəsində məlumatlar verilib. Günümüzdə müalicə hələlik simptomatik preparatlarla aparılır. Qızdırma salınır, ağciyər çatışmazlığı varsa dəstək verilir. Hər hansı bir antibiotikin bu viruslara təsiri sübut olunmayıb.

Koronavirusdan qorunmaq üçün qida rasionunda tərəvəz və meyvələrə (vitamin C ilə zəngin olan) üstünlük verilməli, gündəlik 2 litrdən az olmayaraq maye qəbul edilməli, bitki çaylarına üstünlük verilməlidir. Eyni zamanda vaxtaşırı təmiz havaya çıxmaq lazımdır. Sanitar-gigiyenik qaydalara riayət etmək lazımdır. Hər bir insan təkcə özünü deyil, eyni zamanda ətrafını da düşünüb gigiyenik qaydalara ciddi əməl etməlidir. Epidemiyadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək mütləqdir:

Əllərinizi tez-tez, 20 saniyədən az olmamaqla su və sabunla yuyun (su və sabun olmazsa alkohol və əl dezinfektanlarından istifadə edə bilərsiniz).

Öskürərkən və ya asqırarkən, ağzınızı və burnunuzu kağız salfetlə örtün və silin, sonra isə salfeti mütləq zibil qutusuna atın.

Kirli əllərlə ağzınıza, burnunuza və gözləriniz toxunmayın.

Xəstə (və ya xəstəliyə şöbhəli) insanlarla eyni məişət əşyalarını istifadə etməyin, onlarla yaxın təmasdan qaçın.

Qapı dəstəkləri və buna bənzər tez-tez toxunulan səthləri nəm üsulla təmizləyin və əgər dezinfeksiyaedici varsa, dezinfeksiya edin.

Riskli bölgələrə səyahət etməyin. Əgər bu mümkün deyilsə, orada olduqda əks-epidemik qaydalara daha ciddi riayət edin.

Xəstə (xəstəliyə şübhəli) heyvanlarla təmasdan qaçın. Çiy və ya tam bişirilməmiş heyvan məhsullarından istifadə etməyin.

İnsanlar özlərində və ya yaxınlarında şübhəli hal aşkar etdikdə dərhal həkimə müraciət etməlidirlər. Xəstə insanların vaxtında tibb müəssisələrinə müraciət edərək müayinə olunması həm xəstəliyin vaxtında aşkar edilərək müalicə olunmasına, həm də xəstəliyin yayılmasının qarşısını alınmasına səbəb olur.

Azər Nağıyev-Həkim-İnfeksionist

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR