XƏBƏR

Ürək qüsuru ilə doğulan uşaqların yarısına ilk 1 həftədə diaqnoz qoyulur

date 25 Noyabr 2019

Ürək qüsuru ilə doğulan uşaqların yarısına ilk 1 həftədə diaqnoz qoyulur

Anadangəlmə ürək qüsurları uşaq ölüm səbəblərinin 10%-ni , qüsura bağlı ölüm səbəblərinin isə təxminən yarısını təşkil edir.

Qeyd olunub ki, anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların ilk 1 həftədə 40-50%-nə, birinci ayda isə 50-60%-nə diaqnoz qoymaq mümkün olur.

e-tibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Anadangəlmə ürək qüsurlarına müasir baxış, müayinə və müalicə prinsipləri” mövzusu üzrə keçirilən təlimdə bildirilib.

Pediatr və kardioloqların iştirakı ilə keçirilən təlimin məqsədi körpələrdə anadangəlmə ürək qüsurlarını vaxtında aşkarlanmaq, müayinə və müalicə metodlarına müasir baxış mexanizmlərini öyrənmək, bu istiqamətdə həkimlərin bilik və bacarıqlarını artırmaq olub.

İki gün davam edən təlim zamanı pediatr-kardioloq Vəli Behbudov, ürək-damar cərrahı Kamran Əhmədov və neonatoloq Vəfa Hacıyeva iştirakçılara mövzu üzrə ətraflı məlumat veriblər.

Təlimçilər anadangəlmə ürək qüsurlarının dəyərləndirilməsinin təməl prinsipləri və müayinə üsulları, patofiziologiyası, neonatal və pediatrik aritmiyalar və keçiricilik pozğunluqları, medikamentoz müalicə və invaziv müdaxilə metodlarından danışıblar.

Həkimlər, həmçinin əyani olaraq İSİM-in simulyasiya otağında və Mərkəzi Klinik Xəstəxanada ürək qüsurlarının və ritm pozğunluqlarının müayinə və müalicəsinə dair məşğələ keçiblər.

Təlimin son günü iştirakçıların sualları cavablandırılıb, əldə edilən bilik və bacarıqlar müzakirə edilib. Səhiyyə Nazirliyi tərəfindən 8 kredit balı ilə akkreditasiya edilmiş sertifikatlar həkimlərə təqdim olunub.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR