XƏBƏR

Ürək çatışmazlığına səbəb olan problem: Kardiomiopatiya nədən yaranır?

date 6 Avqust 2020

Ürək çatışmazlığına səbəb olan problem: Kardiomiopatiya nədən yaranır?

Günümüzdə ürək problemlərinə geniş rast gəlinir. Yaşından asılı olmayaraq çoxları ürək problemlərindən əziyyət çəkir. Ürək xəstəliklərindən biri də kardiomiopatiyalardır. Ürək əzələsinin xəstəliyi hesab olunan bu problem nədən yaranır? Əlamətləri necə olur? Ən çox kimlərdə rast gəlinir? e-tibb.az mütəxəssis-kardioloq Gülanə Ağayevanın kardiomiopatiyalar barədə məqaləsini təqdim edir:

Kardiomiopatiya dedikdə ürəyin əzələ xəstəliyi nəzərdə tutulur və bu, nəticə olaraq ürək çatışmazlığına gətirib çıxarır. Ürəyin atım fraksiyasının azalması ilə nəticələnən kardiomiopatiyalar, bir çox səbəblərdən yarana bilir və əmələ gəlməsinə görə genetik  və sonradan yaranmış olmaqla iki qrupa ayrılır.

Genetik səbəbli kardiomiopatiyalar ailənin bir neçə fərdində rast gəlinə bilir və adətən daha erkən yaşlarda ortaya çıxır.

Sonradan yaranan kardiomiopatiyaların isə səbəbləri çox və müxtəlifdir. Ürək-damar problemləri, keçirilmiş miokard infarktı, uzunmüddətli alkoqol və narkotik istifadəsi, ürək əzələsinin keçirilmiş infeksiyaları, hər hansı bir başqa xəstəlikdən sonra yaranan və s.
Xəstəliyin əsas əlamətləri tənginəfəslik, boğulma, halsızlıq, fiziki aktivliyə tolerantlığın azalması olsa da, bəzi xəstələrdə bu simptomlar uzun müddət yaranmaya bilir ki, bu da xəstəliyin diaqnozunu gecikdirir. Əgər kardiomiopatiyalar yanaşı olaraq ürəkdə ritm problemlərinə səbəb olarsa, xəstələrdə döyüntü, bayılma hətta ani ölüm belə, yarana bilir.
Kardiopmiopatiyaların səbəbləri müxtəlif olsa da, hər biri ürək çatışmazlığı ilə nəticələndiyindən bu xəstələrdə öncə ürək çatışmazlığı müalicəsi aparılaraq xəstənin vəziyyəti yüngülləşdirilir, xəstəliyin səbəbi araşdırılır və mümkündürsə səbəbə yönəlik müalicə aparılır. Məsələn, qeyd edə bilərik ki, alkoqol istifadəsi nəticəsində yaranan kardiopmiopatiyalar düzgün və vaxtında diaqnoz qoyularsa, alkoqol istifadəsinin kəsilməsi və düzgün müalicə ilə qısa müddət ərzində müalicə olunur.
Əksər kardiomiopatiyaların isə uzunmüddətli proqnozu pis olub, ürək çatışmazığı, ciddi aritmiyalar və uzun müddətli müalicə olunan xəstələrdə hətta psixoloji problemlərə gətirib çıxarır.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR