XƏBƏR

Təzyiq aşağı olanda kofe içmək olarmı?

date 5 Yanvar 2021

Təzyiq aşağı olanda kofe içmək olarmı?

Arterial təzyiqi aşağı olan insanlar bunu aradan qaldırmaq, təzyiqi yüksəltmək üşün kofe içirlər. Bu, bir sıra hallarda vərdiş halına gəlir. Bəs bu nə dərəcədə doğrudur? Hər hansı ziyanları varmı?

e-tibb.az bununla bağlı kardioloq-aritmoloq Günay Rəhimovanın fikirlərini təqdim edir:

“Tez-tez belə bir cümlə eşidirəm- arterial təzyiqim aşağı idi, kofe içdim düzəldi. Gəlin baxaq, həqiqətən kofe təzyiqi qaldırırmı? Bir tədqiqat nəticəsində müəyyənləşib ki, 18-45 yaş arası, kofe içməyə alışan insanların ürək-damar sistemi xəstəliklərinə tutulması və yüksək təzyiqə məruz qalması riski kofe içməyənlərdən üç dəfə çoxdur. Niyə? Bir espresso porsiyasında 60-70 mg kofein var.

Kofein təzyiqi qaldırır, amma sizcə, təzyiq aşağıdır deyə gələcəkdə yüksək təzyiqlə yaşamağa alışmağa dəyərmi?! Dəyməz! Çünki getdikcə yüksələn təzyiqin bir xüsusiyyəti var. O yüksəkdikcə, enməyə meyilli olmur və sadəcə, dərmanlarla aşağı salınmasına nail olunur ki, dərman içmək də çox da gözəl məşğuliyyət deyildir. Razısınız?

Aşağı təzyiqi qaldıran dərmanlar (əksəriyyət daha çox Rusiya istehsalıdır və Avropada tanınmır) ürək döyüntüsünü yüksəldir, çox qısa müddətli xarakter daşıyır və ziyanı xeyrindən çoxdur. Elə kofe kimi.

Bəs nə edək? Mən özüm də aşağı təzyiqli insan olduğumdan bir qanunauyğunluğa diqqət etmişəm. Dincəldikdə, çox su içdikdə, yürüyüş etdikdə arterial təzyiqim normal rəqəmlərdə qalır. Elə ki, iş çoxluğundan, müəyyən bəhanələrdən bunları buraxıram, yenə də təzyiq enməyə başlayır. Ümumiyyətlə, məndən sizə bir tövsiyə- heç bir şeyi etməsəniz də, su içməyi axsatmayın. Kofe dadlıdır, amma zərərlidir”.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR