XƏBƏR

Şəkər xəstələri immuniteti necə gücləndirməlidir? – Qidalanma qaydaları

date 18 Aprel 2020

Şəkər xəstələri immuniteti necə gücləndirməlidir? – Qidalanma qaydaları

COVID-19 xəstəliyini, adətən, yaşlı insanlar, həmçinin somatik xəstəlikləri olan şəxslər daha ağır keçirirlər. Şəkərli diabet xəstələri də koronavirusa yoluxa biləcək yüksək risk qrupu altındadır, ancaq virusun təsir etmə mexanizmi insandan insana dəyişə bilər. Koronavirus yoluxmasının qarşısını almaq üçün belə xəstələrin ilk növbədə tövsiyə olunan qabaqlayıcı, gündəlik profilaktik tədbirlərə riayət etməsi vacibdir.

e-tibb.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun hazırladığı məlumatda bildirilir.

Qeyd olunur ki, immun sistemini gücləndirməklə, həmçinin pəhriz qaydalarına əməl etməklə də, xəstəliyin mənfi təsirini minimuma çatdırmaq mümkündür.

Xatırladaq ki, şəkərli diabet xəstəliyi orqanizmdə maddələr mübadiləsinin pozulması ilə özünü göstərən xəstəlikdir. Diabetli insanın immun sistemi olduqca zəif olur. İmmun sistemini gücləndirməyin əsas yolları düzgün qidalanmaq, müntəzəm idmanla məşğul olmaq, yetərincə dincəlmək və normal yuxu rejimidir. Pəhriz bu xəstələrin müalicəsində vacib rol oynayır və şəkərin səviyyəsini normada saxlamağa kömək olur.

Şəkərli diabet xəstəliyi olan insan qidalanmada bir sıra qaydalara riayət etməlidir 

Şəkər və şəkərli qidalardan uzaq durmaq məsləhətdir

Meyvə sularının əvəzinə təbii meyvələrə üstünlük vermək lazımdır

Buğda unundan deyil, çovdar unundan və ya tam taxıldan hazırlanmış çörək istehlak edilə bilər

Düyü və düyüdən hazırlanmış yeməklərdən çəkinmək lazımdır

Konservləşdirilmiş meyvə və turşuların tərkibində artıq miqdarda natrium olur ki, bu da böyrəkləri həddindən artıq yükləyir. Konservlər qida rasionundan tam çıxarılmalıdır

Çox yağlı və qızardılmış ət əvəzinə buxarda və ya sobada bişmiş ət məhsullarına üstünlük vermək lazımdır. Toyuq, xoruz, ördək, hinduşka və s. kimi quş ətlərini dərisi ilə yemək olmaz

Bir neçə dəfə emal prosesindən keçmiş qidadan uzaq durmaq məsləhətdir

İmmun sistemini gücləndirmək üçün diabet xəstələrinə tövsiyə olunur 

Vitamin C ilə zəngin qidalar - sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor

Vitamin E ilə zəngin qidalar - tam taxıllı məhsullar və yağ tərkibinə görə icazə verildiyi miqdarda qoz, fındıq

Omega 3 yağ turşuları ilə zəngin qidalar – kətan və digər toxum yağlar, tuna, qızılbalıq, skumbriya kimi yağlı balıq növləri

Sinklə zəngin qidalar – hinduşka əti, paxlalılar, gərzəkli meyvələr, tam taxıllılar

Gərzəkli meyvələr - təbii yağa sahib olmaq xüsusiyyətindən əlavə, balanslı şəkildə istehlakı qandakı şəkər miqdarını tənzimləyir

Qırmızı meyvələr - xüsusilə II tip diabet xəstələri üçün insulin sintezinə kömək edir və I tip diabet xəstələri üçün qan şəkərini balanslaşdırmaqda çox vacibdir

Selen – tam taxıllı bitkilər, günəbaxan tumunda rast gəlinir

Süd və süd məhsulları - xüsusilə II tip diabet xəstələri üçün olduqca faydalıdır. Mədə-bağırsaq sistemini də aktivləşdirir

Çay - tərkibində yüksək miqdarda antioksidant olduğu üçün qan şəkərini tənzimləməyə kömək edir

Flavonoidlər - qara və yaşıl çayda, sitrus meyvələrində çox miqdarda rast gəlinir

Göbələk - orqanizmdəki infeksiyalara qarşı mübarizə üçün sitokin istehsalını artırır

Bol miqdarda su içmək - mədə-bağırsaq sistemi üçün, eyni zamanda virus mənşəli qriplərə qarşı olduqca vacibdir

Toyuq supu - sağlam protein tərkibinə görə çox əlverişlidir

Soğan, sarımsaq, sarıkök, zəncəfil kimi məhsullar qan şəkərini tənzimləməyə, xolesterolu balanslaşdırmağa kömək edir

Qəlyanaltı vərdişi - Diabet xəstələri ümumiyyətlə ac qalmamalı, hətta mümkün olduqca qəlyanaltı vərdişləri də qazanmalıdırlar.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR