XƏBƏR

Saçda kəpəyi necə aradan qaldırmaq olar?

date 24 İyun 2020

Saçda kəpəyi necə aradan qaldırmaq olar?

Saçda kəpək bir çox səbəblərdən yarana bilər. Kəpəyin sırf yağlı, eləcə də quru dəri probleminə görə yaranması mümkündür.

Bunu e-tibb.az-a dermatoloq, uzman həkim Firayya Məmmədova deyib. Dermatoloq bildirib ki, kəpəyin bəzən yanlış dərman istifadəsi ilə bağlı olaraq yaranması da mümkündür. Onun sözlərinə görə, kəpəyin səbəbini tapmaq üçün mütləq dermatoloqa müraciət olunmalıdır. Kəpəyin hansı səbəbdən yarandığını biləndən sonra müalicəyə başlamaq olar.

Amma mütəxəssis deyib ki, əgər bir şəxsin saçında yağlanma varsa və kəpəyin də bu səbəbdən yarandığını düşünüb, həkimə müraciət edə bilmirsə o zaman yağlanmanı aradan qaldıra biləcək şampunlar, losyonlar, saç spreyləri istifadə edə bilər: “Yox, kəpəklənmə quru saçlarla bağlıdırsa o zaman saç dibini nəmləndirəcək vasitələrdən istifdaə olunmalıdır. Həmçinin istifadə olunan vasitələr yağlanma yaradırsa o zaman onlardan istifadəni dayandırmaq olar. Amma bütün bunlar nəticə vermirsə, o zaman dermotoloqa müraciət olunmalıdır. Kəpəklənmədən əziyyət çəkən pasientlər adətən deyir ki, kükürdlü şampun və ya sabun istifadə edib fayda görürlər. Eləcə də seleniumlu şampunlar barədə belə fikirlər səsələnir. Salisil turşusunun da kəpəyi aradan qaldırdığı bildirilir. Salisil turşusu qabıqları əridir. Amma bu qabıqlar zərif olduğu halda turşu saç dibində yanmaya da səbəb ola bilər. Ona görə də bunu hər zaman və hər yaşda istifadə etmək olmaz. Bəzən insanlar kəpəklənməyə görə özləri aptekə müraciət edərək kəpəyə qarşı yanlış vasitələr seçirlər. Yaxşı olar ki, belə problem olanda həkimə müraciət olunsun”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR