BLOQ

Saç tökülməsi: Hər zaman xəstəlik əlaməti deyil...

date 31 İyul 2020

Saç tökülməsi: Hər zaman xəstəlik əlaməti deyil...

Qadın və kişilərdə daha çox kosmetik bir orqan, gözəlliyin tamamlayıcısı olan saçlar həyati bir funksiya daşımasalar da, saç tökülməsi və ya tam tərsi istənilməyən nahiyələrdə tüklərin artımı insanların özünə güvəninə problem yaradib, böyük stresə səbəb ola bilər.

Saç və saçlı dərinin xəstəlikləri bir-biriləri ilə əlaqədar səbəblərdən cox zaman bir bütün olaraq dəyərləndirilir. O səbəbdən sırf saç tökülməsi olan xəstəyə mütləq saçlı dərinin müayinəsi çox vacibdir. Saçlı dəridəki problem həm sadəcə, bu bölgə ilə bağlı xəstəlik ola bilər, həm də bədənin digər nahiyələrində olan dəri xəstəliyinin bir parçası kimi də ortaya çıxa bilər. Xəstənin şikayətlərini dinlədiyimiz  zaman mütləq bədənin digər nahiyələrində hır hansı bir səpgi və ya sikayəti də varmı deyə mütləq soruşmaq lazımdır. Eqzemalar, allergik reaksiyalar, parazitar və infeksion xəstəliklər, autoimmun xəstəliklərin təsirindən dəridə yağlanma, gabıqlanma və ya qaşıntı saçların sağlam, parlaq və gur olmasını əngəlləyərək saçlı dəri və saçın görüntüsünə təsir göstərir.

Saçlı dəridə görülə bilən dəri xəstəlikləri aşağıdakılardır:

● Seboreik dermatit

● Follikulitis

● Psoriasis capitis (Pullu dəmirov)

● Licken planopilaris

● Lupus Erythematosus

● Pedikulosis capitis

● Tinea capitis

● Trichotilomaniya

  Psevdopelad

  Dəri törəmələri:

o Xoşxassəli:

▪Nevus

▪Hemangioma

▪Seboreik keratoz

▪Verruka vulgaris

o Bədxassəli:

▪Melanoma

▪BCC (Bazal hücrəli karsinoma)

▪SCC (Skuamoz hücrəli karsinoma)

Saç xəstəlikləri deyincə ağıla ilk gələn saç tökülməsidir. Bu problem həm xanımlarda, həm də bəylərdə çox rastlanan bir problemdir. Saç tökülməsi ən çox telogen effluvium, ocaqlı dazlıq və androgenik dazlıq olaraq 3 qruba ayrılır.

Tük follikulları hamiləliyin 10-cu həftəsində əmələ gəlməyə başlayır və 6-cı ayda follikul formalaşması tamamlanır. Doğumdan sonra təzə tük follikulları əmələ gəlməz.

Normal yetkin insanda saçlı dəridə 150.000 saç follikulu mövcuddur. Bunların 10%-i telogen dövrdədir. Bu nə deməkdir?

Saçların 3 yaşama dövrü var: anagen (böyümə), katogen (kökündən ayrılma) və telogen (dincəlmə).

Anagen dövrü tük ömrünün ən uzun mərhələsidir, 3-6 il davam edər, bütün saçların 85 faizi məhz bu dövrdə olmalıdır və bu dövrdə saç ortalama ayda 1 sm uzanır. Katogen dövrdə tük follikulu öz kökündən qopur  ki, təzə tük əmələ gəlsin və bu proses 1-2 həftə dəvam edir. Kökündən qopan tük bir neçə ay (2-4 ay) telogen dediyimiz dövrdə saçlı dəridə ömrünü sürür. 

Araşdırmalar göstərir ki, adətən iyul aylarında saçlar telogen dövrə girər və sentyabr -oktyabr aylarında tökülməyə başlayar. Saçların yay ortasında telogen fazasına girməsini alimlər ən çox Günəşin təsiri ilə (Günəşin saç döngüsünü sürətləndirməsi ilə) əlaqələndirirlər. Başqa bir səbəb də iqlim və torpaq dəyişikliyinə uğrayanda vitamin və turşu-qələvi (asit-baz) balansının dəyişməsidir. Orqanizm bu dəyişikliklərə oyrəşənə gədər saç ehtiyacı olan sink (Zn) və aminoasitlər azlığı yaşayır. Məhz buna görə bu aylarda bol vitamin və mineral istifadə etmək lazımdır.

Sağlam yetkin insanda gün ərzində 100-150 ədəd saşın tökülməsi normal gəbul edilir. Zaman-zaman bu say arta, ya da azala bilər. Saç tökülməsinin artması hər zaman xəstəlik sayılmır və heç bir müalicəyə ehtiyacı olmur. Sağlam bir insanda saç tökülmələri 2 aya qədər sürə bilər. Əgər xəstələrdə ildə 3 dəfə təkrarlanan saç tökülmə müddəti 2 aydan çox olursa, o zaman bəzi ciddi xəstəliklərin xəbərcisi  ola biləcəyindən şübhələnərək  mütləq həkimə müraciət etməlidirlər.

Həkimə muraciəti nədən ləngitmək olmaz? Çünkü öncə gizli olan hər hansı  bir səbəb yaranır və bu səbəb tətikləyici faktor olaraq saçları 3-4 aydan sonra tökməyə başlayır. Və hətta xəstə məlumatlıdırsa və həmən həkimə muraciət edirsə, gizli olan faktorlar ortadan galdırıldıqdan 6-12 ay sonra saç tökülməsi bərpa olunur. Məhz buna görə zamanında müalicəyə başlamayan xəstələrdə ciddi saç seyrəlməsi müşahidə oluna bilər.

Lalə Cahangirova- Dermatoloq, uzman həkim

e-tibb.az üçün

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR