BLOQ

Qurd xəstəliklərindən qorunma yolları...

date 5 Aprel 2019

Qurd xəstəliklərindən qorunma yolları...

Parazitlər (el arasında qurd xəstəliyi kimi tanınır) insan bədənində yerləşərək müxtəlif xəstəliklərə səbəb olan eukariotik orqanizmlərdir. Bunlar protozoa (tək hüceyrəli) və metazoa (çox hüceyrəli)  olmaqla iki yerə ayrılır. Protozoalar özləri dörd, metazolar isə iki sinfə bölünür. Günümüzdə insanlar ”qurd problemi” ilə həkimə müraciət etdikləri üçün çox hüceyrəli parazit olan helmintlər haqda məlumat vermək yerinə düşər.

Dünyada 100-dən çox helmint növü var. Bunlar həm heyvan həm də insan orqanizmində yaşayaraq, öz həyat tsiklini tamamlamaq üçün mütəmadi olar sahib dəyişdirirlər. Tutduğu orqana görə (qan, toxuma və bağırsaq) siniflərə ayrılır. Misal olaraq günümüzdə  bağırsaq helmintlərindən xüsusilə altı parazit (Enterobius, Ascaris, Necator, Ancylostoma, Trichuris ve Strongyloides) dünya əhalisinin təxminən yarıdan çoxunda  görülür və başda inkişaf etməkdə olan ölkələr olmaqla, bütün dünyada insan sağlamlığına zərər verən amillər arasında yer alır. Bu nematodlarla yanaşı sestodlar (Taenia saginata ve Hymenolepis nana) ve trematodlar bağırsaqlarda yerləşə bilirlər. Helmintlərə bağlı xəstəliklər tropik bölgələrdə və az inkişaf etmiş ölkələrdə daha çox rast gəlmək olur. Bununla yanaşı, günümüzdə sürətli transport, turizm, miqrasiya kimi səbəblərlə bağlı parazit xəstəliklərinin daha əvvəl görülmədiyi bölgələrə də yayılma potensialı artıb. Buna görə parazit xəstəliklərinə  artıq müəyyən bölgənin xəstəliyi kimi baxılmır və problemə daha qlobal yanaşmanı məcburi edir.

Helmint infeksionlarının çoxu asimptomatikdir , yəni hər hansı bir əlamət vermədən bağırsaqda uzun müddət qala bilirlər və diaqnoz nəcisin müayinəsindən sonra qoyulur. Bakteriya, virus və protozoonların əksinə, helmintlərin çoxu insan orqanizmində həyat tsiklini tamamlaya bilmədiyindən sayını artırmır.

Üzərində parazit yumurtaları olan yaxşı təmizlənməmiş meyvə, tərəvəz məhsulları  və ya  tərkibində larva olan ətlərlə qidalanma sonrası yoluxma baş verir. Parazit infeksiyalarının çoxu asimptomatik olsa da, qan azliğina, qidalanma, fiziki və zehni əskikliyə səbəb ola bilirlər. Enterobius vermicularis məktəbli uşaqlarda ən çox görülən helmint infeksiyasıdır. Anal bölgədə qaşınma sonrası dırnaqlarla ağızdan təkrari yoluxmaya səbəb ola bilir. İnfeksiyanın çox geniş olması və yoluxmanın fekal-oral yolla yoluxması ilə yanaşı, kirlənmiş gecə paltarları, əşyalar, oyuncaqlar və s. ilə asanlıqla yoluxduğu üçün qarşısının alınması çətinliklər yaradır. Buna görə müalicə almazdan əvvəl həm özünə həm də ailəsinə şəxsi gigiyena qaydalarına əməl etməsi barədə məlumat verilməlidir.

Ascaris lumbricoidesə  dünyada 1.5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. İnsanlara üzərində askarid yumurtaları olan qida məhsullarının ağız yolu ilə yoluxur. Yumurtaları xarici təsirə və dezinfeksiya maddələrə qarşı olduqca davamlıdır. A.lumbricoidesin aralıq sahibi yoxdur və insanların parazitidir. Bununla birlikdə insandan insana bilavasitə yoluxmaz.

Bağırsaq helmintlərinə bağlı infeksiyalar geniş spektrumlu antiparazit dərmanları ilə müalicə olunur. Doğru müalicə alınması üçün mütləq həkim müayinəsindən keçərək hansı parazitin olduğu təsdiq olunmalıdır. Bunun əsasında müalicə başlanmalıdır. Enterobius vermicularis digərlərindən fərqli olaraq insandan insana da yoluxa bilir. Bu səbəblə ailənin bütün üzvləri eyni zamanda antihelmint dərmanlarla müalicə olunmalı və müalicə 2-3 həftə sonra təkrarlanmalıdır. Helmint infeksiyalardan qorunmaq üçün qida məhsullarını istifadə etmədən əvvəl yaxşı təmizlənməlidir. Bunlardan əlavə şəxsi gigiyena qaydalarına əməl olunmağı, tez-tez duş almaq, dırnaqların kəsilməsi, əllərin təmiz yuyulması, yataq dəstlərinin və alt geyimlərin qaynar suda yuyulması, otaqların havalandırılması tövsiyə olunur.

Vasif Əliyev - İnfeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR