MÜSAHIBƏ

​​​​​​​Qış aylarında infarkt riski artır - MÜSAHİBƏ

date 25 Dekabr 2018

​​​​​​​Qış aylarında infarkt riski artır - MÜSAHİBƏ

Ürək xəstəlikləri gündən-günə gəncləşir. Hətta bir çox insan özü də bilmədən infarkt keçirir, lakin bundan çox gec xəbərdar olur. Bu isə sağlamlıq üçün ciddi təhlükədir. Bundan başqa, ürək damarlarına stent qoyulması geniş yayılmaqdadır ki, bununla bağlı təzadlı fikirlərə də rast gəlmək mümkündür. Kardioloq, uzman həkim Oqtay Musayev e-tibb.az saytına müsahibəsində ürək xəstəlikləri ilə bağlı sadaladığımız bu və digər məsələlərə aydınlıq gətirir.

- Ölkədə ən çox rast gəlinən ürək xəstəlikləri hansılardı? Sizə daha çox hansı xəstəliklərlə bağlı müraciət olunur?

- Dünyada tendensiya necədirsə, demək olar ki, Azərbaycanda da elədir. Ən çox ürəyin tac-damar xəstəlikləri, stenokardiya və infarktla bağlı şikayətlər daxil olur. Yəni ürəyin işemik xəstəlikləri ilə bağlı müraciətlərin sayı daha çoxdur. Hipertonik kriz (qan təzyiqinin birdən yüksəlməsi), ürək çatışmazlığı kimi xəstəlikləri və bunların ağırlaşmasını da növbəti sıraya əlavə edə bilərik. Əvvəllər bu cür xəstəliklərlə bağlı, əsasən, yaşlı insanlar müraciət edirdi. Son vaxtlar isə xəstəliyin yaşı xeyli gəncləşib. Bizə müraciət edənlərin arasında artıq xeyli gənc də var.

- Hazırda ürək damarlarına stent qoyulması geniş yayılıb. Sizcə, bu nə qədər faydalıdır?

- Əslində, bu, inkişafın göstəricisidir. Əvvəllər belə texniki imkanlar yox idi. Bir neçə il əvvəl bu cür cihazlar həddən artıq bahalı olduğundan həkimlərin çoxu bu cür əməliyyatları edə bilmirdi. İndi isə bunları əldə etmək bir çox klinika, həkim üçün əlçatmaz deyil. Stend qoyulması bütün dünyada tətbiq olunur. Angioqrafiya (anju) və stentin taxılması proseduraları hazırda bütün dünyada ürəyin işemik xəstəlikləri ilə bağlı tətbiq olunan qızıl qayda kimi qəbul olunur. Yəni infarktlı xəstələr bu prosedurlar vasitəsilə daha uzun yaşayır və əmək qabiliyyətini saxlaya bilirlər. Bu vasitə ilə ölümlərin sayı xeyli azalıb, artıq infarktdan ölməyə çox nadir hallarda rast gəlirik. Azərbaycanda da bütün dünyada olduğu kimi, bu müalicə prosedurundan geniş istifadə olunur.

- Damarlarının vəziyyətini öyrənmək istəyən hər kəsə anju proseduru tətbiq oluna bilərmi?

- Mütləq göstəriş olmalıdır. Angioqrafiyaya qədər tətbiq olunan xeyli müayinə metodu var. Yalnız ciddi tac-damar xəstəlikləri ilə bağlı isə el arasında anju deyilən bu əməliyyatı tətbiq edirik.

- Bəzən insan həkimə müraciət edir və məlum olur ki, nə vaxtsa mikro və ya makro infarkt keçirib. Gizli infarktı necə müəyyən etmək olar, infarktın əlamətləri hansılardı?

- Belə hallarla biz də tez-tez rastlaşırıq. Bunun bir neçə səbəbi var. Birinci odur ki, insan 40 yaşını keçirsə və hətta hesab edirsə ki, onun heç bir problemi yoxdur, mütləq ildə bir dəfə müayinədən keçməlidir. Ailəsində infarkt keçirmiş insanlar isə buna xüsusi diqqət etməlidir. Yaşı 40-dan yuxarı olan siqaret çəkən kişilər infarktla bağlı ilk risk qrupundadırlar. Qan təzyiqi, şəkərli diabetdən əziyyət çəkənlərin də infarkt keçirmək riski çox yüksəkdir. Bundan əlavə, iş rejimi, həyat şəraiti stress altında olanlar bilməlidirlər ki, ürək xəstəlikləri onlardan uzaq olmaya bilər. Hətta ani formada güclü stress yaşayanlar da bunları nəzərə almalıdır. Bu tip insanların mütəmadi olaraq ürək xəstəlikləri ilə bağlı yoxlamalardan keçmələri məsləhətdir. Çünki onlar özləri də bilmədən infarkt keçirmiş ola bilərlər. İnfarkt faktı nə qədər tez müəyyənləşərsə, xəstənin uzun və sağlam yaşamaq şansı bir o qədər artır. Şəkərli diabet xəstəliyi olanlar ikiqat diqqətli olmalıdır. Çünki onlar bu ağrıları hiss etmirlər. Yəni bu xəstələr xalq arasında deyilən kimi infarktı ayaq üstə keçirirlər və çox ağırlaşmış formada həkimlərin yanına gəlirlər. Hətta biz deyəndə ki, siz bir müddət əvvəl infarkt keçirmisiniz, təəccüblənirlər. İnfarktın əlamətlərinə gəldikdə, insanlar bir məsələyə çox diqqət etməlidirlər: infarktın, ümumiyyətlə, ürək xəstəliklərinin ilk əlaməti sinədə yandırıcı, göynədici və ya spazma şəklində ağrıların olmasıdır. Bu ağrı daha çox fiziki hərəkətdən sonra olur. Bəzi xəstələr getdikcə daha az hərəkət etdikdən sonra bu ağrılarla rastlaşır. Məsələn, bizə müraciət edənlər deyirlər ki, əvvəlcə ağrını 5-ci mərtəbəyə piyada qalxdıqdan sonra hiss edirdi, indi isə 2 və 3-cü mərtəbədə ağrı onu tutur. Bu ürəyin işemik xəstəliklərinin əlamətidir. Və bu formada ağrılara getdikcə daha da sıx rast gəlinir. Bəzi insanları isə ağrı anidən tutur. Əgər bu ağrı 10 -15 dəqiqədən çox davam edirsə, demək ciddi təhlükə var. Bu halda təcili xəstəxanaya müraciət edilməlidir. Yəni ağrı keçdikdən sonra belə rahatlaşmasınlar. Bu, artıq infarktın əlamətidir. Bəzən bu cür ağrılar sol qolda, sol kürəkdə və boğazda hiss olunur. Çox az rast gəlinsə də, sağ qol və sağ kürəkdə də ağrılar ola bilir. Bundan başqa, insanı soyuq tər basırsa, bu da infarktın əlaməti ola bilər.  Bütün bu hallarla rastlaşmamaq üçün yuxarıda sadaladığımız risk qrupunda olan insanlar mütləq ildə bir dəfə "çekap" (Chek-up) müayinədən keçməlidirlər. Yaş artdıqca, hətta sağlam insanların belə ildə bir dəfə müayinə olunmalarında fayda var.

- Soyuq aylar ürək xəstələrinə necə təsir edir? Ümumiyyətlə, soyuq hava ürək üçün nə dərəcədə təhlükə yaradır?

- Əslində, bütün iqlim dəyişiklikləri zamanı ürək-damar xəstəliklərində bir sıçrayış olur. Havalar soyuyanda ürək-damar xəstəlikləri ilə bağlı müraciətlərin də sayı xeyli artır. Soyuqla bağlı orqanizmdə gedən dəyişikliklər, damarlarda spazmalar, qanda laxtalanma meylliyinin artması xəstələrin vəziyyətinə təsir edir. Hətta bəziləri xəstə olduqlarını məhz bu aylarda anlayırlar. Bundan əlavə, qış aylarında insanlar, əsasən, oturaq həyat tərzinə keçirlər. Hərəkət kifayət qədər azaldığı vaxtda isə xeyli kalorili yeməklər qəbul edilir. Məsələn, xaş və xəngəl kimi ağır yeməklər qış aylarında populyar olur. Eyni zamanda ürək-damar sistemi ilə bağlı kifayət qədər ziyanlı olan turşular, şorabalar da qış aylarında daha çox qəbul edilir. Bütün bunlar ürəyin tac-damar problemlərinin əmələ gəlməsinə səbəb olur. Təzyiqi olan xəstələr isə ümumiyyətlə, bunlardan uzaq olmalıdır. Kalorili yeməklər, turşular təzyiq oynamalarına gətirib çıxarır. Ürək-damar xəstələri soyuq aylarda özlərinə xüsusilə fikir verməlidirlər. Bu insanlar dərmanlarını mütəmadi qəbul etməli, yeyib-içdiklərinə diqqət yetirməli və ağrıları şiddətlənmədən həkimə müraciət etməlidirlər. Bütün bunlarla yanaşı, hərəkətliliyi də nəzərə almaq vacibdir. Yayda insanlar aktiv həyat tərzi keçirilər, hərəkətlilik çox olur. Qışda çalışıb bunu kompensasiya etmək lazımdı. Hətta qapalı şəraitlərdə belə aktivliyi artırmaq vacibdir. Hava şəraiti imkan verdiyi qədər açıq havada olmaq və hərəkət etmək daha uyğundur. Əgər hava durumu əlverişli deyilsə, bu zaman insanlar elə olduqları evdə, ofislərdə hərəkətliliyi artırsınlar, durğun şəraitdən qaçsınlar.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR