BLOQ

Qidalanma psixologiyası: Yemək vərdişləri və ruhun vəhdəti

date 27 Sentyabr 2019

Qidalanma psixologiyası: Yemək vərdişləri və ruhun vəhdəti

Sağlam yeməklərlə qidalanmaq insanın sağlamlığı üçün hələ 50% rol oynayırsa, digər yarısını fərd olaraq bizim necə və nə cür qidalanma tərzimiz təşkil edir.

Qidalanma psixologiyası müxtəlif texnikaları və psixoloji nüansları özündə əks etdirərək, çəki problemləri, “tıxanana kimi yemə”, düzgün olmayan bədən çəki indeksi və s. sağlam qidalanma problemlərini araşdırır.

Qidalanma psixologiyası nədir?

Günlük həyatımızda kütləvi informasiya vasitələrinin bizə necə görünməyimiz və ya nə yeməyimiz haqqında ötürdüyü neqativ mesajlar artıq hər kəs üçün bəllidir. Problemin psixoloji tərəfinə nəzər yetirsək, daimi olaraq, bu mesajların təsirinə məruz qalmaq insanlarda özünü zəif hiss etmə, idarə gücünün itirilməsi kimi hisslərə və özgüvən problemlərinə gətirib çıxara bilir.

Qidalanma psixologiyası psixoloji aspektlər fonunda düzgün qidalanma sahəsini əhatə edərək, insan bədəni və həyat tərzi üçün sağlam olan strategiyaları ortaya qoyur.

Qidalandığımız yeməklər, meyvə-tərəvəzlər və s. insanların necə hiss etməsinə ciddi təsir göstərir. İnsanlar enerji azlığı hiss etdiyində bədəndə yaranan fizioloji proseslərin nəticəsi olaraq, beyinə qida qəbuluna ehtiyac olunduğu siqnalı ötürülür və nəticədə fərd ac olduğunu hiss edir. Kifayət qədər qida qəbulundan sonra isə bu proses sonlanır və fərd artıq tox olduğunun fərqinə varır. Qidalanma prosesinin bu formada tənzimlənməsinə baxmayaraq, daimi olaraq ətrafımızda qida varlığı səbəbindən bu proses ləngiyir və etibarsız olur. Yəni aclıq olmasa belə, qidalanma aktı baş verir, ya da doyma aktı uzadılır.

Sağlam qidaları seçməklə, biz həm də impulsiv qidalanmanın qarşısını ala bilər və bununla da, çəkimizə nəzarəti saxlaya bilərik. İştahamızın məsuliyyətini dərk edərək idarə etmək bizə ruhən sakit, yüksək enerjili və gümrah olmağımızı təmin edəcəkdir.

Qidalanmağımıza təsir edən səbəblər hansılardır?

   - Yerli mətbəxə aid olan yeməklər;

- Sosial faktorlar (dostlar, iş mühiti və s);

- Ailə;

- Sosial status (evli və ya subay);

- İqtisadi status;

- Psixoloji sabitlik.

Əksər insanlar yemək yeməni sadəcə, mövcud şəraitlə (həddindən artıq işsiz olmaq, qayğı və təşviş pozuntuları zamanı və s.) mübarizə metodu kimi istifadə edir. Halbuki, dayanmadan qəbul ediləndən normadan artıq qida daha sonra insanlarda günahkarlıq və peşmançılıq hissinə gətirib çıxarır, bu isə öz növbəsində yenidən insanların yaşadığı mənfi hisslərin çoxalması ilə nəticələnir.

Düzgün bədən çəkisinin idarə olunmasında psixologiyanın rolu nədir?

Psixologiya insan davranışını və koqnitiv prosesləri öyrənən elmdir. Psixoloqlar insanların davranış stimullarını - hərəkəti niyə və nə cür etdiyini - öyrənirlər. İnsanların çəkilərinin düzgün idarə edilməsi üçün aşağıdakı nüanslar vacibdir:

Davranış: Müalicə müddətində fərdin qidalanma vərdişlərini aydınlaşdırmalı və bunu hansı formada dəyişdirilə və ya nə ilə əvəz edilə biləcəyi aydın olunmalıdır.

- İdrak (düşünmə) - terapiya həddindən artıq qidalanmaya səbəb olan duşüncə qəliblərini müəyyənləşdirməyə yönəlməkdədir.

Çəkinin düzgün idarə olunmasında psixoloqlar hansı terapiyalar istifadə edirlər?

Koqnitiv davranış terapiyası eyni zamanda davranış və düşüncə formalarına fokuslandığı üçün  bu sahədə ən effektiv və ən çox istifadə olunan terapiya növü hesab olunur. Koqnitiv davranış terapiyası aşağıda qeyd olunanları əhatə edir.

- Özünü “dəyişikliyə hazırlamaq”: Bu hədəflərinizə çatmaq üçün nə etmək lazım olduğunun fərqinə varmaq və bunun üçün təşəbbüs göstərməkdən ibarətdir.

-Öz-özünə nəzarət etməyi öyrənmək: Öz-özünə nəzarət bu anda yeməyinizə nəyin səbəb olduğunu daha yaxşı anlamağınıza, porsiya və yemək seçimlərinizi daha düzgün formada etməyinizə kömək olacaq. Bu da uzunmüddətli tərəqqiyə nail olmağa diqqət etməyinizə kömək edir.

- Bağlantıları kəsmək: Burada əsas məqsəd davranışın stimuluna nəzarət etməkdir. Belə ki, xüsusi məkanlarda yemək yeməmə (restoran, kafe və s.), qeyri-sağlam qidaları evdə saxlamama kimi.

Koqnitiv davranış terapiyası sizə həm də stresslə mübarizə aparmaq üçün diqqəti yayındırmaq texnikaları da öyrədir. Məsələn, yemək yeməyi daha sağlam qidalarla əvəz etmək kimi. Müsbət möhkəmləndirmə, təkrarlanan davranışlar, sosial dəstək tapmaq və yemək vərdişlərini dəyişdirmək əlaqələri kəsmək üçün istifadə olunan xüsusi üsullardır.

Koqnitiv davranış terapiyası nələri əhatə edir?

Koqnitiv davranış terapiyası fərdin yemək haqqında nə düşündüyünə fokus olur. Bu zaman sizə sağlam qidalanmağa mane olan düşüncələrinizin fərqində olmağa yardım edir. Bundan əlavə isə məqsədinizə çatmaq üçün müsbət ifadələr öyrənməyə və daimi istifadə etməyə kömək edir. (National Institute of Diabetes and Digestive and Kidney Diseases., 2016).

Məsələn:

Sizi məqsədinizə çatmağa qoymayan düşüncə qəlibləri.

“Bu çox çətindir. Mən bacarmayacam”.

“Hədəfimdəki çəkiyə nail ola bilməsəm, uğursuz insan olacam”.

“Artıq çəkilərimdən azad olduqdan sonra yenidən istədiyim kimi qidalana bilərəm”.

Bu formada düşünmək və ifadələri davamlı şəkildə istifadə etmək sizi məqsədinizə daha da yaxın edəcək.

"Həddindən artıq kökəldiyimi başa düşürəm. Həddindən artıq yemək yemə davranışımı necə dayandıracağım barədə düşünməliyəm".

"Həddindən artıq qidalanmağımın nədən qaynaqlandığını başa düşməliyəm ki, yenidən eyni vəziyyətlə qarşılaşsam, öhdəsindən gəlmək üçün bir plan yarada bilim".

"Mən həqiqətən acam, yoxsa bu yalnız bir həvəsdir? Bu hissin keçib-keçməyəcəyini gözləyəcəyəm".

Son olaraq, düzgün qidalanmaq, artıq çəkilərdən azad olmaq ilk növbədə sağlam həyat tərzinə malik olmaq üçün vacibdir. Hər bir fərd çəkisindən asılı olmayaraq, dəyərli olduğunu unutmamalı və hər zaman sağlamlığının qeydinə qalmalıdır.

Nilufər Əlizadə - Psixoloq, Xəzər Universitetinin müəllimi

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR