XƏBƏR

Qida borusunda qanaxma olan 3 yaşlı uşaq əməliyyat olunub

date 6 Mart 2019

Qida borusunda qanaxma olan 3 yaşlı uşaq əməliyyat olunub

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı pasiyent qida borusunda qanaxmaya görə əməliyyat olunub. 

Bu barədə e-tibb.az-a ATU-nun mətbuat xidmətindən bildirilib.

Klinikanın baş həkimi Ramiz Poluxovun sözlərinə görə, uşaq  ağır vəziyyətdə qida borusunun qanaxması ilə klinikaya gətirilib və ona qastroezofageal reflüks, yemək borusu dəliyinin yırtığı diaqnozu qoyulub. Müayinələrdən sonra təcili olaraq konservativ müdaxiləyə başlanıb və qanaxma konservativ dayandırılıb.

Uşağa uzun müddətdir ki, müxtəlif klinikalarda qastroezofageal reflüks xəstəliyinə görə müalicələr aparılsa da, vəziyyətində yaxşılaşma olmayıb, qusmalar, gecə saatlarında ağız suyu ifrazı, nəcisin qara olması əlamətləri davam edib. Uşaq daimi olaraq anemiyadan əziyyət çəkib. Endoskopik müayinədə yemək borusunda dərin eroziyalar, poliplər aşkar olunub. R. Poluxov deyib ki, belə xəstələr vaxtında əməliyyat olunmasa yemək borusunun çapıqlaşaraq daralmasına və ya şiş qabağı proses olan metoplaziyaya (Barret yemək borusu) səbəb olur. Bu səbəbdən belə xəstələrin vaxtında əməliyyat olunması çox önəmlidir.

Azyaşlı üzərində klinikanın mütəxəssisləri tərəfindən laporoskopik  üsulla yemək borusu dəliyinin yırtığının ləğvi, fundoplikasiya əməliyyatı icra olunub.  Əməliyyat 45 dəqiqə ərzində yekunlaşıb. Hazırda uşaq özünü yaxşı hiss edir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR