XƏBƏR

Qan ver, həyat qurtar: 14 iyun Ümumdünya qan donoru günüdür

date 14 İyun 2020

Qan ver, həyat qurtar: 14 iyun Ümumdünya qan donoru günüdür

 

14 iyun Ümumdünya qan donoru günüdür.

e-tibb.az xəbər verir ki, bu gün 2005-ci ildən başlayaraq qeyd edilir.  Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi və bu günün öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü, yəni 14 iyun tarixi kimi müəyyən edilməsinə dair qərar qəbul olunub.

Qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. İnsan orqanizmində qanın müəyyən kritik həddi mövcuddur və bu həddi aşdıqda qan ehtiyatını artırmaq lazımdır. Əgər bu ehtiyat olmazsa, o zaman insan həyatını itirər. 

Hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğu hallarla üzləşə bilər. Qan insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edir. Qan trofik funksiya daşıyır, toxuma və orqanların qaz mübadiləsini təmin edir. Ciddi xəsarət, əməliyyat, kəskin qanaxma, hemotoloji və onkoloji xəstəliklər, ağır doğuşlar, mürəkkəb əməliyyatların icrası zamanı qan və onun komponentləri insan həyatını xilas edir. Qanı heç bir başqa preparatla əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar.

Kifayət qədər təhlükəsiz qan ehtiyatlarının təmin edilməsinin əsas yolu könüllü, təmənna güdməyən donorlardan qanın götürülməsidir. Müntəzəm könüllü donor aksiyaları qanın ən təhlükəsizik mənbəyidir. Belə ki, pul müqabilində qan verən şəxslər ilə müqayisədə bu cür donorlar arasında qan vasitəsilə keçən xəstəliklərin və infeksiyaların qeydə alınması halları daha aşağıdır. 

14 iyun Ümumdünya Qan Donoru günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunda fəal iştirak edən bir sıra vətəndaşlara və qurumlara təşəkkür edib.

Qeyd olunub ki, Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır:

“Bu il koronavirus pandemiyasi səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların həyatda qalması üçün risk yaranmışdı.
Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxta yaranan bu kimi problemlərə hər zaman şəfqət, mərhəmət və humanizm kimi keyfiyyətləri öz həyat tərzinə çevirən xalqımız biganə qalmadı. Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa çağırış etdi və bu mövzuda həmrəlik nümayiş etdirərək qan ehtiyacı olan insanlar üçün könüllü qan donoru olmağa çağırdı.
Hörmətli Mehriban xanım!

Siz bu nəcib təşəbbüsünüzlə minlərlə insan həyatının xilaskarı oldunuz. Milli Hematologiya və Transfuziologiya Mərkəzi və irsi qan xəstəliklərindən əziyyət çəkən pasiyentlər adından başda Siz olmaqla bütün dəstək verən vətəndaşlarımıza, idarə və təşkilatlara dərin minnətdarlığımızı bildiririk!

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR