XƏBƏR

Qan donorlarına MÜRACİƏT: Qan bankları çatışmazlıqla üzləşir...

date 8 Aprel 2020

Qan donorlarına MÜRACİƏT: Qan bankları çatışmazlıqla üzləşir...

Hazırda ölkəmizdə koronavirus infeksiyası səbəbi ilə qan bankları qan ehtiyatının çatışmazlığı ilə üzləşir. 

e-tibb.az xəbər verir ki, bu barədə Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin açıqladığı məlumatda bildirilir. Qeyd olunub ki, bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə, əsasən də talassemiyalı uşaqlara yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir:

“Qan bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb. Bu günlərdə vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq, evdən çıxmadan öncə qeyd olunan nömrələrlə əlaqə saxlayıb sıxlığın olub olmamasını dəqiqləşdirmələrini tövsiyə edirik.

Qanvermə üçün icazəni 8103 qısa nömrəsinə 1 indeksini göndərməklə əldə edə bilərsiniz. Qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq”.

Qeyd edək ki, bu gün Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) açıqladığı məlumatda bildirilir ki, Qan Bankında ən son tövsiyələrə diqqət yetirilərək, qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir.

Məlumatda deyilir ki, koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur. Dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib, koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib. 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR