XƏBƏR

Qadınların əksəri bu haldan əziyyət çəkir: Baş ağrısı, ürəkbulanma, ölüm qorxusu...

date 24 Aprel 2020

Qadınların əksəri bu haldan əziyyət çəkir: Baş ağrısı, ürəkbulanma, ölüm qorxusu...

Qadınların bir çoxu menstruasiyadan öncə narahatlıq yaşayırlar. Bəziləri baş ağrılarından, miqren tutmalarından, köp hissindən, ürəkbulanmadan əziyyət çəkir, bir qisim gərgin, aqressiv olur. Hətta bu ərəfədəa arterial təzyiqi yüksələnlər də olur. Bütün bu hallar toplu şəkildə tibdə aybaşıönü sindrom adlandırılır. Aybaşıönü sindrom nə deməkdir? 

Mama-ginekoloq, Tibb Universitetinin dosenti, Tədris Cərrahiyyə Klinikasının həkimi Natəvan Axundova e-tibb.az-a bildirib ki, aybaşıönü sindrom- aybaşıya bir neçə gün qalmış meydana çıxan patoloji simptomların məcmusundan ibarətdir. Bu simptomlar aybaşı başlayan kimi keçib gedir. Ginekoloq deyib ki, hansı klinik əlamətlərin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif formaları var: 1. Sinir-psixi forma. Aybaşıdan bir neçə gün əvvəl qıcıqlanma, depressiya, habelə zəiflik və ağlağanlıq baş verir. Cavan qadınlarda depressiya; keçid dövrdə olan qadınlarda isə aqressivlik daha çox təsadüf edilir. 2. Ödem forma. Süd vəzilərinin böyüməsi və ağrılı olması; üzün, topuğun, əl barmaqlarının şişkinləşməsi; qarında köp müşahidə edilir. Bir çox qadınlarda tərləmə, iylərə qarşı həssaslığın artması da müşahidə edilir. 3. Sefalgik forma. Başda intensiv, pulsasiyaedici (zoqquldayıcı) ağrılar olur və bu ağrılar göz almalarına yayılır. Baş ağrısı ürəkbulanma və qusma ilə müşayiət olunur. Amma arterial təzyiq normal qalır.

Qadınların 1/3-də bu hallarda depressiya, ürəkdə ağrı, tərləmə, əllərdə keyləşmə müşahidə olunur.

4. Kriz forma. Bu halda arterial təzyiq yüksəlir. Döş qəfəsinin arxasında ağrı, “ölüm qorxusu”, ürəkdöyünmə baş verir. Kriz ən çox axşam və gecə, stress və yorğunluq zamanı provokasiya olunur.

Ginekoloqun sözlərinə görə, bu kimi halların aradan qaldırılıması mümkündür. Aybaşıönü sindromun müalicəsi həkim tərəfindən aparılmalıdır. N. Axundova bildirib ki, diaqnozun düzgün qoyulması və vaxtında başlanan müalicə xəstənin yaxşılaşmasına gətirib çıxarır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR