XƏBƏR

Pilləkənləri qalxanda dizlərdə yaranan ağrı...

date 18 İyun 2019

Pilləkənləri qalxanda dizlərdə yaranan ağrı...

Azərbaycanda “oynaqlara duz yığılması”, “duzlaşma” kimi təqdim olunan osteoartritlər, artrozlar daha çox fizioloji yaşlanma ilə bağlı olan xəstəlikdir.

Bunu uzman fizioterapevt Sənan Cəfərov deyib.

Onun sözlərinə görə, bu problemə ən çox yaşlı insanlarda rast gəlinir. Qığırdaq toxumasında yeni qığırdaq hüceyrələri əmələ gələ bilmədiyi, o potensialı itirdiyi üçün ən çox diz oynaqlarında qığırdaq yeyilir, sümüklər bir-birinə sürtünür, ətrafdakı əzələ və bağlar zəifləyir və beləliklə, ağrı şikayətləri əmələ gəlir. Cavan insanlarda isə bu, müəyyən travmalardan, oynaq içi sınıqlardan, düzgün bitişməyən sınıqlardan sonra, metobolik xəstəliklərlə bağlı inkişaf edə bilər.

Normal halda isə oynaqlarda, ən çox isə dizlərdə yaşlanma prosesi 60 yaşdan sonra başlayır. Amma bu xəstəliyi daha da sürətləndirən məsələ artıq çəkidir. Dizlər daha böyük yüklə çalışdığı zaman bu proses daha gənc yaşlarda başlayır, diz və böyük çanaq oynaqlarında problemlər yaranır.

Bəzən oynaqlarda şişkinlik, sərtlik əmələ gəlir. Zamanla hərəkət məhdudlaşır, çox ağrılı olur. Oynaqdan asılı olaraq şikayətlər dəyişir. Məsələn, ayaqlarda problem olanda ayaqqabı geyinən zaman ağrılar ortaya çıxır, dizlərdə problem olanda daha çox şikayətlər pilləkənləri qalxanda meydana gəlir. Hansı oynaq daha çox hərəkət edirsə, o zaman problem ortaya çıxır. Bu problemə daha çox qadınlar arasında rast gəlinir. Amma 45 yaşına qədər kişilər arasında da bu xəstəliklə tez-tez qarşılaşmaq olur.

Mütəxəssis deyib ki, bu problemin müalicəsi xüsusi aparatlar vasitəsilə, dünya üzrə tətbiq edilən eyni növ müalicə metodları ilə həyata keçirilir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR