XƏBƏR

Pediatr: "Evdə antibiotiklərin vurulması təhlükəli və qadağandır”

date 24 Noyabr 2020

Pediatr: "Evdə antibiotiklərin vurulması təhlükəli və qadağandır”

“Virus infeksiyaları, viruslar vasitəsilə törədilən infeksiyalar zamanı uşaqlarda yüksək temperatur, boğaz ağrısı, öskürək, burun axıntısı müşahidə olunur. Simptomların bəzən ağır gedişi, qızdırmanın yüksək olması (39-40 dərəcə) və ikinci gündə davam etməsi valideynləri narahat edir. Nəticədə valideynlər bu zaman həkim məsləhəti olmadan antibiotiklərdən istifadə edirlər. Unutmayaq ki, virusa bağlı şikayətlərdə simptomların davam etmə müddəti 5-7 gün bəzən isə 3 həftəyə qədər davam edə bilər. Əlamətlərin şiddətli olması antibiotik istifadəsi üçün səbəb deyil”.

e-tibb.az xəbər verir ki, bunu pediatr, Mərkəzi Gömrük Hospitalının həkimi Nigar Mirzəyeva açıqlayıb.

Pediatr qeyd edib ki, viral infeksiyalarda daha çox simptomatik müalicədən istifadə olunur. Yəni qızdırmasalıcı və ağrıkəsici dərmanlar, burun təmizləmə məhlulları, ağciyərlərin müayinəsində patoloji xırıltı yoxdursa, öskürək əleyhinə dərmanlar təyin olunur və bol mayedən istifadə tövsiyə edilir.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının antibiotiklərdən istifadə ilə bağlı apardığı tədqiqatlar göstərib ki, antibiotiklər tənəffüs yolu infeksiyalarında 61.9% hallarda, tonzillit zamanı 29.85% hallarda və otit (orta qulağın iltihabı) 16.4% hallarda istifadə olunur. Ən çox istifadə olunan antibiotiklər isə amoksillin-klavukolant (64.17%), daha sonra ampisillin/sulbaktam (22.3%) və sefuroksim aksetil(13%) olmuşdur. Nəticədə müəyyən olmuşdur ki, antibiotiklər istifadə olunan xəstəliklər daha çox viral patogenlərlə bağlıdır və antibiotiklərin 50% hallarda istifadəsi lazımsızdır.

Pediatr vurğulayıb ki, lazımsız antibiotik istifadəsi uşaqlarda antibiotiklərə qarşı davamlılıq yaradır. Bu isə xəstəliklərin müalicəsində həkim üçün çətinlik törədir. Nəticədə ehtiyac olduğu təqdirdə həkim tərəfindən təyin olunan antibiotikə qarşı orqanizmdə davamlılıq yarandığı üçün müalicə prosesi gecikir. Bundan əlavə, antibiotiklər qaraciyər və böyrəklər vasitəsilə orqanizmdən xaric olunduğu üçün uzun müddətli və lazımsız istifadə bu orqanların funksiyalarını pozaraq daha ağır hallara böyrək-qaraciyər çatışmazlığına səbəb olur. Həmçinin, orqanizmdə lazım olan faydalı bakteriyaların məhvinə gətirib çıxarır.

Mütəxəssis deyib ki, bakterial infksiyalarda yəni bakterialar vasitəsilə törədilən infeksiyalarda - pnevmoniya, allergik olmayan bronxiolit, otit, sidik yolu infeksiyaları və bəzi bakteriyaların səbəb olduğu bağırsaq yolu infeksiyaları zamanı antibiotiklərdən istifadə olunması zəruridir: “Təbii ki, düzgün dozalanma və təyin olunmuş müddət əsasında həkim göstərişinə uyğun olaraq antibiotiklərdən istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Mən xüsusilə antibiotiklərin istifadə müddətinə diqqəti cəlb etmək istərdim. Çünki bu çox vacib məqamdır. Bəzi antibiotiklər 3 gün, bəziləri isə 10-14 gün müddətində təyin olunur. Dövrümüzdə ən böyük yanlışlardan biri də klinik simptomlar antibiotik istifadəsinin ilk günlərində aradan qalxdığı üçün antibiotikin vaxtı tam tamamlanmadan dayandırılmasıdır. Bu xəstəliklərin təkrarlanmasına və daha da ağır gedişinə səbəb ola bilər. Buna görə də həkim tərəfindən təyin olunmuş dozalanmaya və müddətə mütləq valideynlər nəzarət etməlidirlər”.

Həkim onu da xatırladıb ki, antibiotik istifadəsi zamanı - anafilaktik şok yarana bilər. Bu hal daha çox pensillin qrupu antibiotiklərdə müşahidə olunur və bəzən xəstənin ölümünə belə səbəb ola bilir: ”Ona görə ev şəraitində əzələ daxili və vena daxili antibiotiklərin vurulması xüsusilə təhlükəli və qadağandır!”

Antibiotiklərdən profilaktik məqsədlərlə istifadə olunması hallarına münasibət bildirən həkim vurğulayıb ki, bəzən təkrarlayan sidik yolu infeksiyalarında, boğazda betta-streptokokkların törətdiyi angina nəticəsində ürəkdə yaranan miokardit və ya oynaq revmatizmlərində, aşağı immuniteti olan uşaqlarda az dozada profilaktik uzunmüddətli antibiotik müalicəsi aparılır: “Amma əsla sağlam uşaqlarda xəstələnməsin deyə və ya xəstəliyin gedişi daha da ağırlaşmasın deyə antibiotik istifadə etmək olmaz! Əgər valideynlər gələcək üçün sağlam övlad böyütmək istəyirlərsə, lazımsız antibiotik istifadə etməməli və uşaqları ilə bağlı hər hansı şikayətləri olduqda mütləq şəkildə zamanında həkimə müraciət etməlidirlər”.

Qeyd edək ki, 18-24 noyabr “Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi” qeyd olunur.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR