XƏBƏR

Mütəxəssis: "İndi şübhəli hal olan kimi zökəm, qripdən yox, COVID-dən şübhələnmək müsbət haldır"

date 10 İyul 2020

Mütəxəssis: "İndi şübhəli hal olan kimi zökəm, qripdən yox, COVID-dən şübhələnmək müsbət haldır"

“İnsanların müvafiq şikayətləri olduğu zaman COVİD-dən şübhələnmələrinə müsbət baxıram. Əslində bu, normal haldır. Hətta bunu başqaları qarşısında sosial məsuliyyətin yüksək olması kimi qiymətləndirirəm”.

Bunu e-tibb.az-a LOR-cərrah, uzman həkim, ATU-nun Tədris Cərrahiyyə Klinikasının LOR şöbəsinin müdiri Murad Şıxəliyev deyib.

Pandemiya dövründə insanların əksərinin boğaz ağrısı, qıcıqlanma, burunda tutulma, axıntı yaranan kimi COVİD-dən şübhələnməsinə münasibət bildirən mütəxəssis bunları açıqlayıb:

“Ənənəvi olaraq angina, yəni boğaz badamcıqlarının iltihabı, zökəm, qrip, yuxarı tənəffüs yollarının indiyə kimi bəlli olan başqa respirator xəstəlikləri də bu simptomları verə bilər. Burunda tutulma varsa, qrip və ya zökəmdən də ola bilər. Axıntının olması da bu şikayətlərə aiddir. COVID-dən şübhələnmək əslində müsbət tendensiyadır və insanları başa düşmək olar. Həmin simptomlar varsa, bu, ilk növbədə insanların özünə, diaqnozun aydınlaşdırılmasına görə lazımdır. İkincisi, əgər insan şübhələnirsə, onlarda sırf qorxuya bağlı deyil, real, obyektiv şikayətlər varsa, mən həmin şəxslərə məsləhət görürəm ki, ilk növbədə COVID-ə qarşı yaxma testi versinlər. Diaqnozu biləndən sonra xəstəliyin gedişini, proqnozunu daha dəqiq izləmək şansı yaranır. Zökəmdə, qripdə, anginada ağırlaşma faizi nisbətən aşağıdır, bu xəstəliklərin gedişi insanlara, həkimklərə əvvəldən bəllidir. COVID-19 isə müxtəlif istiqamətlərdə inkişaf edə, yüngül başlayıb, bir həftə sonra həyati ağırlaşmalara gətirib çıxara bilər. Bu da insanları daha diqqətli olmağa, mümkün olan ağırlaşmaları önləməyə sövq edir. Digər tərəfdən, testin cavabı pozitiv olarsa, həmin şəxslər izolyasiya olunar, ətrafdakı insanları qoruyar, virusun geniş əhali kütləsinə yoluxmasının qarşısını alar. Boğazdfa qıcıqlanma, hərarət varsa, iybilmə, dadbilmə pozulubsa, əzələ ağrısı, halsızlıq, zəiflik yaranıbsa, bunlar COVID-in əlamətləridir. Göstərilən şikayətlər zamanı ilk növbədə test olunmalıdır. Həm xəstənin necə davranacağını bilməsi, həm izloyasiya olunmaq, həm də daha çox insanın yoluxmasının qaşısını almaq üçün bu, vacibdir”.

İndiyə kimi COVID xəstələrində qulaqla bağlı şikayətlərin o dərəcədə də dominantlıq etmədiyini qeyd edən həkim bildirib ki, indi yay olması, çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq su, isti-soyuq mühitlə təmas və kondisionerin təsiri nəticəsində qulaq problemləri, xarici qulaq keçəcəyinin iltihabı, orta qulağın iltihabı-otitlər yarana bilər. Bunların da COVID sipmtomlarına bənzər şikayətlər yaratması mümkündür.

Onun sözlərinə görə, soyuq maye, qida qəbulu, kondisionerin təsiri altında uzun zaman qalma da tənəffüs sistemində problemlərə səbəb ola bilər: “Kondisonerin hava mühitini qurutması nəticəsində tənəffüs yolları hüceyrələrində dözümsüzlük yarana, immunitet aşağı düşə bilər. Bu isə müqaviməti azaldar, virusa yoluxma rsikini artırar. Ona görə də kondisonerin normal temperaturda tənzimlənməsi, qidaların, içkilərin, suyun normal temperaturda qəbulu məsləhətdir”.

COVİD-in əsas əlamətlərindən biri - iy və dad hissinin itməsi barədə danışan Lor-həkim deyib ki, araşdırmalar, klinik təcrübələr göstərir ki, COVID-in ilk əlamətlərindən biri də iybilmənin pozulmasıdır. Bu da öz növbəsində dadbilmənin pozulmasına gətirib çıxarır: “Çünki normalda da dadbilmə reseptorlarımız, yəni dadbilmə orqanımızın həssas hissələri əslində iybilməyə bağlıdır. Burnumuzda problemə olarsa, iybilməmiz pozularsa, avtomatik dadbilmə də pozulur. Başqa sözlə desək, dadbilmənin tam itməsi, lakin iybilmənin qalması demək olar ki, fizioloji olaraq mümkün deyil. Və yaxud da bu, mərkəzi sinir sisteminə bağlı ola bilər. Bu əlamətərə təkcə COVID zamanı rast gəlinmir. Zökəm, qrip, burun ətrafı ciblərdə xroniki iltibab, el arasında haymorit, frontit, sinusit deyilən xəstəliklərdə, habelə burunda allergiyaya bağlı poliplər olan zaman iybilmə və dadbilmənin itməsi mümkündür. Lakin COVID-lə bağlı fərq ondan ibarətdir ki, bu xəstəlik zamanı burunda o qədər də tıxanıqlıq olmur. Yəni əsasən iybilmə 95 faiz hallarda burunun lokal yerli problemlərinə bağlı olur. COVID zamanı isə burun boşluğu təmiz olur, burunda hər hansı dəyişiklik yaranmır. Bu halda iybilmə və dadbilmənin pozulması mərkəzi sinir sistemi, yəni daha yüksəkdə olan iybilmə mərkəzinə bağlı olur. Bunun da səbəbi COVID-i törədən SARS virusunun birbaşa mərkəzi sinir sistemi, beyinə təsir etməsi ilə bağlıdır. Ona görə də burun, ağız boşluğunda, dildə  hər hansı dəyişiklik yaranmır, mərkəzi sinir sisteminə bağlı olan problemlər yaşanır. Hər kəs bu xəstəliyi fərqli keçirir, əksər hallarda bütün simptomlar tam keçib gedir. Əgər iybilmə və dadbilmənin itməsi COVID-ə bağlıdırsa, hazırkı araşdırmalar göstərir ki, bəzi hallarda iybilmə və dadbilmə davamlı olaraq itə də bilər. Bu, nə qədər davam edəcək? Xəstəlik nisbətən yeni olduğu üçün bunu demək çətindir. Bizim yalnız bir neçə aylıq nəticələrimiz var. Ümumiyyətlə, hesab olunur ki, əgər iybilmə pozulubsa, mərkəzi sinir sisteminə bağlıdırsa, bu, 9 ay, 1 il bərpa olunmadısa, sonra bərpa olunma şansı demək olar ki, yoxdur. Ona görə də ağırlaşmış COVID xəstələrində xəstəliyin qalıq əlamətləri qalarsa, ola bilər ki, iybilmə, dadbilmə bərpa olunmasın”.

Kondisionerlərin virusun yayılmasına şərait yaratması barədə fikirlərə münasibət bildirən M. Şıxəliyev bunları deyib: “Ev şəraitində, məişətdə isrtifadə olunan kondisonerlərdən söhbət gedirsə, insan aşırı dərəcədə soyuq, quru mühitdə qalarsa, bu, tənəffüs yollarının həddən artıq qurumasına gətirib çıxarır. Tənəffüs yollarında orqanizmin ehtiyac duyduğu rütubət, nəmlik yaranmırsa, orqanizm bunu bərpa edə bilmirsə, bu, tənəffüs yollarının, ümumilikdə immun sisteminin müqavimətinin azalmasına səbəb olur. Bu da nəzəri olaraq xəstəliyə yoluxma riskini artırır.  

Əgər söbhət böyük məkanlar, məsələn, xəstəxana, idarə, ofislərdə olan havalandırma sistemlərindən gedirsə, belə mühitlərdə xəstəliyə yoluxan şəxslər varsa, COVID virusunun yayılma ehtimalı olduğundan havalandırma sisteminin istifadəsi tövsiyə olunmur. Bir neçə havalandırma sistemi var və bu, sırf müəssisələrdə çalışan professionallara aid olan sualdır. Bəzi havalandırma sistemlərindən istifadə oluna bilər. Bu, havalandırma sistemlərində istifadə olunan filtrlərə, təmizləyici qurğulara bağlıdır. Yəqin ki, ilk növbədə havalandırma sistemlərinin texniki göstəriciləri nəzərə alınır”.

Mütəxəssis əhaliyə virusdan qorunmaq üçün mütləq maska taxmağı tövsiyə edib:
“Əslində burun və ağız boşluğunu qoruyan klassik maskalar normal halda maska taxanı xəstəlikdən qorumur. Söhbət hamının istifadə etdiyi tibbi maskalardan gedir. Amma insan xəstədirsə, asqırıb, öskürəndə, danışanda maska virusu buraxmır və ya cüzi hissəsini buraxır. Bu da ətrafdakıların yoluxma şansıını azaldır. Yəni biz maskanı özümüz üçün yox ətrafdakılar üçün taxırıqı. Bu da sosial məsuliyyəti göstəricisidir. Bu virus əgər bir tərəfdən insanları karantinə, məsafə saxlamağa, az ünsiyyətə sövq edirsə, eyni zamanda qarşılıqlı məsuliyyət daşımağı öyrədir. Bizim yadımıza salır ki, bir-birimizin davranışımızdan nə qədər asılıyıq. Biz maska taxa da bilərik, taxmaya da bilərik, bu, bizim yoluxma riskimizi azaltmır, nə də artırmır. Ancaq biz maska taxarkən başqalarını qorumuş oluruq. Eyni zamanda hamı bunu edərsə, maska taxar, məsafə saxlayarsa, bir-birimizi qorumuş,  xəstəliyin yayılma şansını sıfıra endirmiş olarıq. Təbii ki, bütün təmaslardan sonra əlləri yumaq da vacib şərtdir. İki nəfərdən biri maska taxıbsa, o biri taxmayıbsa, onda taxmayan taxanı yoluxdura bilər. Hamı maska taxıbsa, sosial məsafə saxlamq şərti ilə, onda yoluxma ehtimalı sıfıra bərabər olur. Bu nöqteyi-nəzərdən də hamını maska taxmağa, ətrafdakılara qarşı məsuliyyətli olmağa, həmrəyliyə çağırıram. Biz bu qaydalara əməl etsək, tezliklə virusun yayılmasının qarşısını alınar, bir neçə həftə sonra yeni yoluxmaların sayı dəfələrlə azalar. Maska tək ağızı yox, həm ağızı, həm də burunu örtməlidir”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR