XƏBƏR

Körpələrdə temperaturun artmasının səbəbləri: İlk yardım necə olmalıdır?

date 28 Sentyabr 2020

Körpələrdə temperaturun artmasının səbəbləri: İlk yardım necə olmalıdır?

Yeni doğulanlar, körpələrdə bədən hərarətinin artması ən çox həyəcan yaradan hallardan sayılır. Valideynlərin bununla bağlı hər zaman sualları olur. Körpələrdə temperatur hansı səbıəblərdən arta bilər? Bu zaman ilkin yardım necə olmalıdır? 

e-tibb.az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı  məqaləsini təqdim edir:

İlk aylarda körpənin bütün orqan və sistemləri kimi termorequlyasiya mexanizmləri də tam yetişməmiş olur. Termorequlyasiya sistemi uşaqların həyatının birinci ilinin sonuna qədər tam formalaşır. Bu səbəbdən 1 yaşa qədər olan uşaqların bədən temperaturu böyük yaş qrupuna aid olan uşaqların temperaturundan bir qədər fərqlidir. Doğuşdan sonrakı ilk günlər yenidoğulanın qoltuqaltında ölçülən temperaturu 36-37,5°C, ağızda ölçülən - 36,5-37,3°C, düz bağırsaqda isə 37-38°C hüdudlarında tərəddüd edir.

Böyük yaş qruplarında temperaturun artması əsasən infeksion-iltihabi proseslər fonunda baş verirsə, körpələrdə hərarətin yüksəlməsi müxtəlif səbəblərdən ola bilər.

1.  Qida qəbulu. Bu zaman körpə əmmə aktına və həzm prosesinə çoxlu güc və enerji sərf edir. Əmmə prosesi zamanı və ondan 1-2 saat sonra temperaturun bir qədər artması baş verə bilər. 

2.  İsidilmə. Uşağın əynindəki paltar qalındırsa, hədsiz cox bükülübsə, uzun müddət isti havasız bir otaqda və ya günün altında qalmışsa bədən temperaturu yüksəlir.

3.   Peyvənd. Bəzi peyvəndlərdən sonra hərarətin yüksək rəgəmlərə qədər artması mümkündür. Adətən pediatr valideynləri mümkün olan reaksiyalar barəsində məlumatlandırır. 

4.  Dişlərin çıxması da temperaturun yüksəlməsi ilə müşayət oluna bilər. Eyni zamanda uşaqda narahatçılıq, burun axma, nəcis ifrazının tezləşməsi kimi əlamətlərdə meydana çıxa bilər.

5.  Susuzlaşma. Hədsiz isti havada və ya qusma və ishal zamanı suyun itkisi körpələrdə hərarətin artması ilə nəticələnir.

Temperaturun artması zamanı valideyinlər nə etməlidir?

Uşağın ümumi vəziyyətində heç bir dəyişiklik yoxdursa, yalnız 38°C qədər artıbsa sərbəst hava axınının uşağın bədənini soyutması üçün paltarlarını soyundurun. Otağın temperaturu təxminən 20°C qədər azaldın. İmkan daxilində çox isti olmayan maye içizdirin.  

Temperaturun yüksəlməsi zamanı aşağıda qeyd olunan əlamətlərdən hər hansı biri baş versə həkimə təcili müraciət olunmalıdır:

1.  Dərinin rənginin dəyişməsi

2.  İshal və qusma

3.  Ürək döyüntülərinin artması

4.  Tənəffüsün pozulması/xırıltıların əmələ gəlməsi

5.  Qıcolma

6.  Sidik ifrazının ləngiməsi

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR