XƏBƏR

Koronavirusa qarşı əksepidemik mübarizə necə olmalıdır?-Virusoloqun TƏKLİFLƏRİ

date 27 İyun 2020

Koronavirusa qarşı əksepidemik mübarizə necə olmalıdır?-Virusoloqun TƏKLİFLƏRİ

Kəskin respirator xəstəlik simptomları olan insanlar ilk nömbədə koronavirusa görə müayinə olunmalıdır.

E-tibb.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun virusologiya şöbəsinin müdiri, TƏBİB-in Elmi Komitəsinin üzvü, tibb üzrə fəlsəfə doktoru, dosent Lalə Rüstəmova “COVID-19 infeksiyasina qarşi əksepidemik mübarizənin təşkilinə epidemioloji yanaşma” adlı məqaləsində bildirib.

Alimin həmin məqaləsini təqdim edirik: 

Azərbaycanda COVID-19 infeksiyasına qarşı əksepidemik mübarizənin təşkili alqoritmini tərtib etmək üçün infeksiyanın xüsusilə yayılması baxımından əhəmiyyət kəsb edən bir sıra epidemioloji xüsusiyyətləri nəzərə alınmalıdır:

1. Mövsümilik

Aparılan çoxsaylı epidemioloji araşdırmalar göstərir ki, bu infeksiya üçün qış-yaz mövsümiliyi səciyyəvidir, lakin daha çox yoluxmanın mart-aprel aylarına (yazın əvvəli) təsadüf etməsi qeyd olunur. Payız-qış aylarında isə digər kəskin respirator virus infeksiyasının (KRVİ) da ona qoşulması ehtimalı artdığından yoluxma riski yüksək olur. Ona görə də kəskin respirator xəstəlik (KRX) simptomları qeyd olunan insanların ilk növbədə CoV-a görə müayinəsi aparılmalıdır.

2. COVID-19 infeksiyasının əhali arasında dövr etməsi göstəricisi

Bunu müəyyən etmək üçün il ərzində seroepidemioloji monitorinq aparılmalıdır. Bu məqsədlə əhalinin müxtəlif risk qruplarında (uşaqlar, yaşlılar, yanaşı xəstəliklər olanlar və s.) və obliqat qrupuna daxil olan kontingent (hər gün müəyyən sayda əhali qrupu ilə təmasda olan peşə işçiləri) arasında CoV-a qarşı 3 növ əks cismlərin (ƏC) – virusneytralizəedici, komplementbirləşdirici və antihemaqlütininlərin səviyyəsinin dinamikada izlənməsi vacibdir. Belə ki, elmi tədqiqatların nəticələri göstərmişdir ki, virus neytralizəedici ƏC və anti hemaqlütininlərlə müqayisədə komplement birləşdirici ƏC-in aşkar edilməsi rekonvalessensiya (sağalma) dövrü üçün səciyyəvi olub, yaxın vaxtlarda keçirilmiş infeksiyanın göstəricisidir. Hələ 1972-ci ildə Bradburne və Somerset bu ƏC-in miqdarının 14%-i keçmədiyini qeyd etmişlər. İndi də Rusiya epidemioloqları xəstəlikdən sağalanlar da spesifik ƏC-in 14% halda meydana çıxdığını göstərirlər. 1971-ci ildə Kaye göstərmişdir ki, OC-43 CoV-a qarşı anti hemaqlütininlər qanda 7 il ərzində qalır, komplementibirləşdirən ƏC səviyyəsi isə keçirilmiş infeksiyadan sonra 1-9 ay ərzində kəskin şəkildə azalır. Odur ki, bu ƏC-in aşkar edilməsinə görə virusun əhali arasında dövr etmə səviyyəsi haqqında fikir yürütmək olar. Xəstəliyin ilkin dövründə komplementin birləşmə reaksiyası (KBR) neytrallaşma reaksiyasına (NR) nisbətən daha həssas olur. Ona görə də əhalinin immun strukturunun öyrənilməsi üçün HATR və NR, infeksiya ocağında isə KBR-dən istifadə etmək məqsədəuyğundur.

COVID-19-a görə epidemioloji nəzarət sistemində 2 mühüm göstəricinin də nəzərə alınması vacib məqamlardandır.

1.Epidemik hədd (EH) – son 5-10 ildə hər ilin mövsüm ayında hər təqvim həftəsi üçün summar xəstələnmənin ən yuxarı göstəricisi.

2.İmmun təbəqələşmə (İT) – COVID-19-a qarşı əhali arasında yaranmış kollektiv immunitetin %-lə miqdarı göstəricisi. İdeal variant əhalinin 60%-də ƏC olmasıdır.

COVID-19 infeksiyasının ötürülmə mexanizmində 3 ötürülmə yolu çox vacibdir:

– virusgəzdiricilik (simptomsuz, “sağlam).

COVID-19 yüngül formada, yaxud simptomsuz keçirənlər infeksiyanın ötürülmə halqasında potensial təhlükəli qrupdur. Çox zaman məhz bu qrup epidemioloji nəzarətdən kənarda qalır;

– ailədaxili ötürülmə yolu;

– xəstəxanadaxili (nozokomial) ötürülmə yolu (daha çox tibb personalına aiddir). Məsələn, İsraildə COVID-19 palatalarında müəyyən dalğa uzunluqlu ultrabənövşəyi bakterisid lampalar quraşdırılmışdır. Bu palatalarda həkimlərin və tibb personalının yoluxma faktı qeydə alınmamışdır.

COVID-19-a qarşı spesifik profilaktika məqsədilə peyvəndləmənin Milli Peyvənd təqviminə daxil edilməsi məsələsi gündəmə gələ bilər. Milli Peyvənd Təqvimlərinin hazırlanması zamanı regional (iqlim, mövsüm) və epidemioloji xüsusiyyətlər (epidemik hədd, kollektiv immunitetin vəziyyəti, yaş, risk qrupları və s.) nəzərə alınmalıdır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR