BLOQ

İzolyasiya da keçəcək, COVID-19 da yox olacaq, yetər ki...

date 6 İyun 2020

İzolyasiya da keçəcək, COVID-19 da yox olacaq, yetər ki...

Dəyərli izləyicilərim, son günlər yaranan gərginliklər, şübhələr, məsuliyyətsizliklər bir həkim, bir insan kimi məni çox narahat edir. Xəstəliyin varlığına inanmamaq, özünü qorumamaq, dünən marketlərdə yaranan vəziyyəti qınamaq, insanları söyən yazılarla qarşılaşıram. Bənzər vəziyyətlərin inkişaf etmiş cəmiyyətlərdə də yaşandığını unutmayaq. Nə qədər inanmayanlar olsa da, vəziyyət ciddidir, ortada bir təhlükə var. Pandemiya dövrünü yaşamaq asan deyil, hamımız çətin, təhlükəli bir həyatla üz-üzəyik. İnsanlar təşviş içindədir, çarəsizlik,  sabaha ümidsizlik hiss edirlər. Bu duyğuları yaşadığınız üçün utanmalı, duyğularınızı basdırmalı deyilsiniz. Bu duyğuları yaşayan birini utandırmalı, təhqir etməli, qınamalı deyilik. Yaxınını itirən, göz yaşları içində əzizləri reanimasiya şöbələrində olan, karantinə alınıb sabah nə olacağı həyəcanını yaşayan insanlarımız var. Bir-birimizi anlamağa çalışaq. Bir-birimizi incitmədən dəstək olaq. Təşvişə düşməmək üçün ilk növbədə xəstəliklə bağlı məlumatları doğru mənbələrdən alaq. Çətinliklərimizi, qorxularımızı, şikayətlərimizi gizlətməyək. Qızdırmalı halda evdə gizlənməyək. Karantinə alınaram deyə, tibbi müraciətdən qaçmayaq. Ehtiyac olan hallarda professional yardıma müraciət edək. Karantin qaydalarına ciddi əməl edək. Eyb etməz, qoy internet üzərindən olsun, amma əzizlərimizlə ünsiyyəti artıraq, düşüncələrimizi paylaşmamız onların dəyişməsinə kömək edəcək. İzolyasiya şəraitində uyğunlaşmamızı yaxşılaşdırmaq üçün həyat rutinimizi pozmadan, sevdiklərimizlə əlaqələrimizi davam etdirək. Bəli, bu gün sevdiklərimizin yanında ola bilmirik, əzizlərimizi qucaqlaya bilmirik. Bir az da səbrli və ehtiyatlı olaq, alternativləri tətbiq edək. Hər anı yaşayaq. Əlimizdən gələnin ən yaxşısını edək. Bir-birimizə, ruhumuza, bədənimizə kömək olaq. İzolyasiya da keçəcək, COVID-19 da yox olacaq, yetər ki, biz düşünərək, sevərək yaşayaq, yaşadaq.

 

Nigar Sədiyeva - Pediatr, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti

 

e-tibb.az

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR