XƏBƏR

Həkim: "Bəziləri maskanı tərsinə taxır, maskanın ağ üzü baryer, sipər rolu oynadığına görə havada qalmalıdır"

date 23 Dekabr 2020

Həkim: "Bəziləri maskanı tərsinə taxır, maskanın ağ üzü baryer, sipər rolu oynadığına görə havada qalmalıdır"

"Bəşəri bəla – koronavirus dünyanı qorxu və təhlükə altında saxlamaqda davam edərək, hər gün yeni qurbanlar almaqda davam edir. Artıq bir ilə yaxındır ki, COVİD-19 pandemiyası hər birimizin gündəlik həyat tərzinə təsir edərək, hərəkətlərimizi, davranışımızı özünə tabe edib. İstər-istəməz virusdan qorunmaq üçün müəyyən qaydalara riayət edirik. Yəqin bu qaydalara hamı düzgün riayət etsəydi, yoluxmaların sayı azalardı. Görünür, insanlar bu qaydaları qulaqardına vurur, düzgün əməl etmirlər".
e-tibb.az xəbər verir ki, bunu həkim-sonoloq, Mərkəzi Gömrük Hospitalının əməkdaşı Tükəzban Abdullayeva bildirib.
Həkim xatırladıb ki, hələ ki, dünya alimləri bu öldürücü virusu aradan qaldıran dərman tapmayıblar. Bir çox ölkələrdə vaksinlər hazırlansa da, bu o demək deyil ki, koronavirus dünyanı birdəfəlik tərk edəcək: "Ona görə də, virusdan qorunmaq üçün qoyulan məlum qaydalara düzgün riayət etməyi bir daha yadımıza salaq. Qızıl qaydalardan biri tibbi maskaların taxılmasıdır. Hamı tibbi maskaları düzgün taxırmı? İctimai yerlərdə, nəqliyyatda, küçədə bəzilərinin maskanı tərs üzünə taxdığını görmək olur. Belə ki, maskanın ağ üzü baryer, sipər rolunu oynadığına görə öndə - havada qalmalı, mavi üzü sifətə toxunmalıdır. Başqa rəngli maskalarda da bunu maskaya tikilən iplərdən bilmək olar".
Həkim vurğulayıb ki, maskalar 2-3 saatdan artıq üzdə qalmamalı, yenisi ilə əvəz olunmalıdır: "Maskaya tez-tez toxunmaq, müşahidə etdiyimiz kimi, burundan aşağı salmaq, danışanda aşağı-yuxarı etmək, çənə üstündə, ağız üstündə saxlamaq olmaz. Birdəfəlik maskalardan təkrarən istifadə etmək yolverilməzdir. Maska nəmli olarsa onu yenisi ilə əvəzləmək vacibdir. Maskanı arxa tərəfdən çıxarmaq lazımdır. Onun ön hissəsinə toxunmaq olmaz, belə ki, onun üzərində infeksiya ola bilər.
Unutmayaq ki, maskanı cərimələrdən qaçmaq üşün deyil, koronavirusdan qorunmaq üçün taxırıq. Maskanın taxılması koronavirusdan qorunmağın əsas qaydalarından biridir. Lakin maskadan əlavə, əllərin düzgün yuyulması və ya spirtli maddə ilə dezinfeksiya edilməsi də vacibdir. Belə ki, təmiz əllər infeksiyanın qarşısında ilk və ən mühüm müdafiə baryerlərindən biridir.
Buna görə də, yoluxucu xəstəliyin qarşısını almaq üçün əlləri sabunla yumaq lazımdır. Əlləri nə vaxt yumaq lazımdır? Hər dəfə küçədən evə gələrkən, öskürdükdən və ya asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək hazırlayərkən, yeməkdən əvvəl, əllər çirkli göründükdə, heyvanlarla ünsiyyətdə olduqdan sonra və s. əllər düzgün qaydada – 20-30 saniyə, barmaqların arasına qədər yuyulmalıdır.
Daha bir qızıl qayda ara məsafənin saxlanmasıdır. Təəssüflər olsun ki, daha çox olduğumuz marketlərdə, ictimai nəqliyyatda bu qaydaya heç də həmişə riayət olunmur. Zərurət olmadıqda evdən çıxmamaq məsləhətdir. Bu sadə qaydalara riayət etməklə, koronavirusdan qorunmaq mümkündür. Hər kəsin sağlamlığı öz əlindədir. Xəstəlikdən əziyyət çəkmək, ölümlə üz-üzə qalmaq, yaxınlarınızı itirmək istəmirsinizsə, bu qızıl qaydalara riayət edin. Axı bu, o qədər də çətin deyil..."
 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR