XƏBƏR

Hamilələrdə bel ağrıları: Bunları edin – Həkimdən TÖVSİYƏ

date 22 İyul 2019

Hamilələrdə bel ağrıları: Bunları edin – Həkimdən TÖVSİYƏ

Çoxlarını narahat edən bel ağrıları hamilə qadınlarda da ən çox rast gəlinən şikayətlərdən biridir. Hamiləlik zamanı bel ağrıları hansı səbəblərdən yarana bilər? Bu kimi hallarda hansı tədbirləri görmək lazımdır?

e-tibb.az fizioterapevt, uzman həkim Sənan Cəfərovun hamilələrdə bel ağrılarının səbəbləri və görülməsi lazım olan tədbirlər barədə məqaləsini təqdim edir:

Hamiləlik zamanı yaranan bel ağrılarının bir çox səbəbləri ola bilər. Bu ağrı əsasən beldəki əzələlərin gücə düşməyindən qaynaqlanır. Hamiləlik dönəmində uşaq və cift böyüyür. Beləcə ağırlıq mərkəzi önə doğru yönəlir. Bununla əlaqəli olaraq hamilə qadının duruşu da dəyişir. Qadınların çoxu hamiləliyin son dönəmində arxaya doğru əyilmək məcburiyyətində qalır. Bu da bel əzələlərinin daha çox işləməyinə səbəb olur və onlara güc düşür. Qarın əzələlərinin zəifləməyi də bel ağrısına gətirib çıxarır.

Hamiləlik hormonları bel ağrısına təsir edə bilir. Proqesteron hormonu çanaqdakı ağırlıq düşən ərazini rahatladaraq uşağın doğumunu asanlaşdırır. Bu rahatlama nəticəsində oynaqlar elastikləşir, ancaq oynaqların həddindən artıq elastikliyi bel ağrılarına səbəb olur.

Bel ağrılarının qarşısını almaq və ya onu yüngülləşdirmək üçün hamilə qadınlar ayaq üstə duruşlarına, oturuşlarına eləcə də hərəkət edərkən hərəkətlərinə diqqət etməlidir. Onlar aşağıdakı məsləhətlərdən faydalana bilərlər:

Alçaq dabanlı (ancaq düz olmayan) və rahat bir ayaqqabı geyinin.

Ağır əşyaları qaldırarkən kömək istəyin.

Əgər uzun müddət ayaq üstə durmalısınızsa, o zaman ayağınızın birini bir stul və ya bir qutunun üzərinə qoyun.

Əgər yatağınız çox yumşaqdırsa, döşəyinizin altına taxta qoya bilərsiniz. Amma çalışın ki, yatağınızı çox sərt etməyəsiniz.

Yerdən bir şey götürəcəksinizsə, bel hissədən əyilməyin. Dizlərinizi bükün, əyilin və belinizi düz tutmağa çalışın.

Bel hissəsi rahat olan stullarda əyləşin və ya belinizin alt hissəsinə kiçik bir yastıq qoyun.

Yatarkən dəstək üçün ayaqlarınızın arasında bir və ya iki ədəd yastıq qoyun.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR