XƏBƏR

​​​​​​​Hamilələr D vitaminini necə qəbul etməlidir?

date 27 İyul 2019

​​​​​​​Hamilələr D vitaminini necə qəbul etməlidir?

Hamiləlik zamanı bir sıra vitamin, mineral komplekslərinin qəbul olunması tövsiyə edilir. Onlardan ən vacib olanlarından biri D vitaminidir?

Hamiləlikdə D vitamininin rolu nədən ibarətdir? Bu vitamin necə qəbul olunmalıdır?

e-tibb.az cərrah-ginekolog Nigar Abdullayevanın bununla bağlı fikirlərini təqdim edir:

Hamilə qadının qəbul etməsi vacib olan vitaminlərdən biri də D vitaminidir. Belə ki, digər maddələrlə yanaşı, D vitamini uşaq inkişafını təmin edir, həmçinin qadına hamiləlik boyunca enerji və güc verir.

Vitamin D niyə bu qədər əhəmiyyətlidir?

Vitamin D kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə kömək edir, sümük və dişlərin möhkəmliyini təmin edir. Bundan başqa, dölün sümüklərinin vəziyyəti hamiləlik zamanı qadın orqanizmində olan D vitaminindən çox asılıdır.

D vitamini hüceyrə membranının qoruyucu xüsusiyyətlərini gücləndirərək immun sisteminə müsbət təsir edir. Alimlərin yeni tədqiqatlarına əsasən, ürək və qan damarlarına da bu vitaminin çox faydası var. O diabetin, xərçəngin və sklerozun inkişafının qarşısını alır.

D vitamini hamiləlik zamanı nə qədər lazımdır?

Hamilələr üçün vitamin D-nin günlük dozası - 400-600 ME-dir. Bu, əsasən 3-cü trimestrdə lazımdır ki, dünyaya gələcək körpədə raxitliyin qarşısı alınsın.

Bəs D Vitaminin mənbəyi nələrdir?

Vitamin D qaraciyər və böyrəklər tərəfindən hasil edilir, həmçinin onu qidalardan və ən əsası Günəş şüasından əldə etmək olur. Hamiləliyi yay vaxtına düşənlər gün ərzində 10 dəqiqə Günəş vannası qəbul etməklə D vitamininə olan tələbatlarını tamamilə ödəyə bilərlər. Lakin buludlu, yağıntılı havalarda bu mümkün olmadığı üçün, süni ultrabənövşəyi şüaları qəbul etmək qətiyyən doğru deyil. Bu zaman tərkibində D vitamini olan ərzaqlara - ət, balıq, qaraciyər, yumurta sarısı, süd və göbələyə üstünlük verilməlidir. Məsələn, 100 qram siyənək və ya qızıl balıq vitamin D-ə birgünlük ehtiyacın təmin olunması üçün kifayət edəcək.

Amma qəbul edilən qidalar, Günəş şüası sizin bu vitaminə olan tələbatınızı tam ödəmirsə, bu zaman həkiminiz uyğun dozada tabletlər təyin edəcək.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR