BLOQ

Gözdə qansızmanın səbəbləri: Təzyiq, şəkər, allergiya...

date 12 Aprel 2019

Gözdə qansızmanın səbəbləri: Təzyiq, şəkər, allergiya...

Gözdə qansızma problemi ilə insanların əksəriyyəti üzləşir. Gözdə kapilyarların partlamasının səbəbləri müxtəlif ola bilər.

Yüksək təzyiq gözlərdə qansızmaların əsas səbəblərindən biridir. Bu hal xüsusilə arterial təzyiqin kəskin qalxması zamanı tez-tez baş verir. Çox incə göz damarları təzyiqin yüksəlməsinə tab gətirməyərək partlayır və qansızma baş verir.

Hipertoniyadan əziyyət çəkən əksər insanda bu hal tez-tez təkrarlanırsa, çox təhlükəlidir və bu, SOS siqnalı hesab olunmalıdır. Çünki növbəti dəfə damar gözdə deyil, beyində partlaya bilər ki, nəticədə insult kimi ağır pozulma inkişaf edəcək.

Şəkərli diabet zamanı orqanizmdə olan bütün kiçik kapilyarlar zədələnir. Buna "mikroangiopatiya" deyilir. Bu proses bütün kapilyarları əhatə edir. Nəticədə xəstənin ayaqlarında qanqrena, böyrəklərdə-böyrək çatışmazlığı inkişaf edə bilər. Gözlərin şəkərli diabetlə zədələnməsi isə görmənin tədriclə pisləşməsinə və hətta korluğa gətirib çıxara bilər.

Əgər sizdə şəkərli diabet varsa və gözlərinizdə tez-tez qansızmalar olursa, bu çox təhlükəli simptomdur. Mütləq endokrinoloqa və oftalmoloqa müraciət edin.

Göz yorğunluğuna çox tez-tez təsadüf edilir. Göz damarları çox zərif və nazikdir. Gözlərin uzunmüddətli yüklənməsi zamanı (kompüterdə işlədikdə, kitab oxuduqda və ya sənətlərlə işlədikdə) göz damarları qanla dolur ki, nəticədə onların nazik divarları partlaya bilər və qansızma inkişaf edə bilər.

Bu hal çox təhlükəli olmasa da, insan öz iş rejimində dəyişikliklərə əl atmalı, gözlər üçün olan xüsusi gimnastika etməli, dincəlməlidir.

Əgər göz yorğunluğu xroniki xarakter alarsa, bu görmənin zəiflənməsinə və s. pozulmalara təkan verə bilər.

Ağır fiziki yüklənmələr (məsələn, ağır çəkilərin qaldırılması ilə bağlı olan idman növlərində və ya peşələrdə) gözlərdə damarların partlamasına səbəb ola bilər.

Bir çox qan xəstəlikləri zamanı insanda tez-tez qansızmalar baş verir. Bu xəstəliklər arasında: qanın laxtalanması sistemi xəstəlikləri, onkohematoloji xəstəliklər, trombositopatiyalar. Bu xəstəliklər zamanı gözlərdə tez-tez qansızmalar, bədəndə göyərmələr əmələ gəlir, dəridə olan kiçik sıyrıntılar, kəsiklər zamanı qanaxma gec kəsilir, dəridə səpgilər olur.

Gözlərdə damarların partlaması tək ümumi arterial təzyiqinin yüksəlməsi zamanı deyil, kəllədaxili təzyiqin yüksəlməsi zamanı mümkündür. Bu hal miqren, beyin şişləri zamanı baş verə bilər.

Orqanizmdə damarlar divarlarının zədələnməsi ilə müşayiət olunan istənilən xəstəliklər (Vegener qranulematozu, Takayasu xəstəliyi, Bexçet sindromu və s.) gözlərdə qansızmalara səbəb ola bilər.

Həm göz, həm də kəllə-beyin travmaları göz damarların partlamasına səbəb olur.

Gözlərin xoş və bədxassəli xəstəlikləri, keratit, konyuktivit, blefarit və s. kimi gözlərin infeksion xəstəlikləri və iltihabları zamanı gözlərdə damarların partlamasına və qansızmalara rast gəlinir.

Kəskin qlaukoma tutması, "quru göz" sindromu (kompüterdə daim işləyən insanlarda inkişaf edir) zamanı da gözlərdə qansızmaların yaranması mümkündür.

Digər səbəblər arasında: allergiyalar, bəzi dərman preparatların qəbulu, spirtli içkilərin qəbulu, meteohəssaslıq, ümumi infeksion xəstəliklər, bəzi vitaminlərin çatışmazlığı (xüsusilə A və C vitaminlərin)  da var.

Beləliklə, gözlərdə qansızmalar tez-tez baş verirsə, mütləq həkimə müraciət etmək lazımdır. Bəzi hallarda bu ciddi xəstəliklərin və pozulmaların əlaməti ola bilər.

Əksər hallarda qansızmanın özü heç bir xüsusi müalicə tələb etmir və bir neçə gün keçdikdən sonra özü-özündən yox olur. Müalicə isə qansızmalara səbəb olan amillərin aradan qaldırılmasına yönəldilməlidir.

Həkimlə məsləhətləşmədən heç bir göz damcısı, xalq təbabəti üsullarından istifadə etmək olmaz. Bunlar təhlükəli ola bilər.

 

Fariz Sadıqov-Oftalmoloq, uzman həkim

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR