BLOQ

Gözdə astiqmatizma: Əlamətləri necə olur?

date 21 May 2020

Gözdə astiqmatizma: Əlamətləri necə olur?

Astiqmatizm gözün buynuz qişasının qeyri-düzgün olması və ya büllurun əyrilik radiusunun dəyişməsi nəticəsində meydana çıxır.

Buynuz qişanın və ya büllurun dəyişikliyi gözə gələn şüaların torlu qişada görmə mərkəzində bir nöqtəyə düşməsinin qarşısını alır və şüaların dağınıq halda səpələnməsinə səbəb olur. Nəticədə həm yaxında, həm də uzaqda bulanıq görüntü olur. Xəstədə gözdə diskomfort, yorğunluq hissi və başağrısı şikayətləri yaranır. Astiqmatizmə bəzən miyopiya (yaxıngörmə) və ya hipermetropiya (uzaqgörmə) ilə birgə rast gəlinir. Bəzən isə sonradan gözdə keçirilən hər hansı travmaya və ya xəstəliyə bağlı da astiqmatizm meydana gələ bilər.

Astiqmatizmanın səbəbi məlum deyil. Çox zaman irsi olduğu düşünülür və adətən doğuşdan olur. Zamanla dəyişə bilər.

Xəstəliyə necə diaqnoz qoyulur?

Gözün avtorefraktometrlə, retinoskopiya metodu ilə müayinəsi ilə diaqnoz qoymaq mümkündür. Buynuz qişanın topoqrafiya müayinəsi isə astiqmatizmanın tam ətraflı dəyərləndirilməsində istifadə olunur. 

Hansı növləri var?

Miyopik, hipermetropik və qarışıq astiqmatizmalar var. Bundan əlavə reqüler və  irreqüler; lentikuler və ya korneal astiqmatizma olur.

Müalicəsi necə aparılır?

Əksərən sağlam görməsi olan insanlarda kiçik dərəcədə fizioloji  astiqmatizma olur. Kiçik dərəcəli astiqmatizmada görmədə çox da problem olmadığı üçün müalicəyə ehtiyac olmur. Digər növ astigmatizmaların müalicəsi eynəklə, kontakt linza ilə və cərrahi yolladır. Cərrahi əməliyyatlar buynuz qişada və büllurda icra olunur. Gənc insanlarda həm buynuz qişada, həm də göz içi linza qoyulması əməliyyatı ilə astiqmatizma aradan qaldırılır. Yaşlı insanlarda isə astiqmatizma katarakt əməliyyatı zamanı göz içinə torik linza qoymaqla düzəldilə bilər.

 

Mehriban Əlizadə-Oftalmoloq, Uzman həkim

e-tibb.az üçün

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR